Beynəlxalq Ana Dili Günü qeyd olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 21 Fevral-Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib.
Beynəlxalq Ana Dili Gününün məktəblərdə qeyd edilməsində əsas məqsəd Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir.
Tədbirlərdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib. Bildirilib ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətdə ana dilinin qorunması və zənginləşdirilməsi məsələlərinin həmişə önəmli yer tutduğu qeyd olunub.
Tədbirlərdə Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar nümayiş etdirilib. Şagirdlər ana dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.