II Bakı Elm Olimpiadasının qalibləri mükafatlandırılıb

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən II Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bakı Ali Neft Məktəbində (BANM) təşkil olunan mərasimdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, elm və təhsil nazirinin müşaviri Nigar Bağırlı, BANM-ın rektoru Elmar Qasımov, millət vəkilləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov,  Elm və Təhsil Nazirliyinin Ümumi və təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə II Bakı Elm Olimpiadası barədə hazırlanmış videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onları daim həvəsləndirmək, yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, şagirdlərə beynəlxalq və yerli olimpiadalarda, eləcə də bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq məqsədilə keçirilən müsabiqə və olimpiadaları yüksək qiymətləndirib.

Olimpiada qaliblərinin həm də müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusunun səyi nəticəsində düşmən tapdağından azad olunan Vətən torpağının xoşbəxt gəncləri olduqlarını bildirən M.Kərimli onları təbrik edib və şagirdlərə gələcəkdə daha böyük uğurlar arzulayıb.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva II Bakı Elm Olimpiadasını yüksək təhsilli, savadlı, intellektual Azərbaycan gəncliyinin yetişməsinə hər zaman qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə məktəblilərin ən dəyərli töhfəsi kimi dəyərləndirib. 

İdarə müdiri XXI əsr bacarıqlarını məktəb illərindən uşaqlara aşılamaq və onların gələcək uğurlarına dəstək olmağın vacibliyini vurğulayıb. M.Vəliyeva olimpiadanın şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərinin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradılması, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edildiyini söyləyib.

İdarə müdiri BANM-ın rəhbərliyinə və kollektivinə olimpiadanın keçirilməsində dəstək göstərdikləri üçün təşəkkürünü bildirib.

BANM-ın rektoru Elmar Qasımov belə olimpiadaların şagirdlərin bilik və bacarıqlarının artırılmasına, təlim motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərdiyini deyib və qaliblərə uğurlar arzulayıb. Rektor artıq ikinci dəfə təşkil olunan olimpiadanın keçirilməsinin ənənəvi hala çevriləcəyini bildirib.

Daha sonra müsabiqə üzrə I, II və III yerin qalibi olan şagirdlərə medal, diplom və hədiyyələr təqdim olunub. Həmçinin I yerə layiq görülən Türkiyə Dəyanət Vəqfi-Bakı Türk Liseyi və 129 nömrəli tam orta məktəbin komandaları, II yeri tutan Kimya-biologiya təmayüllü Resbublika liseyi və 192 nömrəli tam orta məktəbin komandaları, III yeri tutan Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyi və 287 nömrəli “Zəkalar” liseyinin komandaları kubok və diplomla təltif ediliblər.

Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.

Qeyd edək ki, II Bakı Elm Olimpiadasının I mərhələsində 320 ümumi təhsil müəssisəsindən 960 şagird iştirak edib. 24 komanda finala vəsiqə qazanıb. Hər komandanın tərkibində 3 şagird təmsil olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi