Məktəbin İnkişaf Planı təsdiqləndi
Təhsildə Keyfiyyət Təminat Agentliyi (TKTA) tərəfindən 4-5 noyabr 2021-ci il tarixində 301 saylı tam orta məktəbdə 4 istiqamət üzrə inspeksiya keçirilmişdir. İnspeksiya hesabatı əsasında məktəbə metodik dəstək göstərilməsi, həmçinin Məktəbin İnkişaf Planının (MİP) hazırlanması nəzərdə tutulmuşdur. Qeyd edilən istiqamətlər üzrə fəaliyyətin təşkili üçün 14 yanvar 2022-ci il tarixində ARTİ-MDPİM əməkdaşları və məktəb heyəti arasında görüş keçirilmişdir. Həmin tarixdən etibarən ARTİ-MDPİM əməkdaşları 301 saylı məktəbdə dərsdinləmələr təşkil etmiş, müxtəlif təlim və seminarlar keçirmişlər. Eyni zamanda ARTİ-MDPİM əməkdaşları məktəb direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, psixoloq, kitabxanaçı və bir neçə müəllimlə fərdi söhbətlər aparmış, MİP-də reallaşdırılması mümkün olan fəaliyyətlər üzrə təklifləri müzakirə etmişlər.
Bir neçə dəfə təhlil və müzakirə edildikdən sonra 301 saylı tam orta məktəbin MİP-i 15.04.2022-ci il tarixində ARTİ-MDPİM əməkdaşları tərəfindən məktəb direktoru Sevda Sarıyevaya təqdim edilmişdir.
301 saylı tam orta məktəbin rəhbərliyi və pedaqoji heyəti adından ARTİ-MDPİM əməkdaşlarına təşəkkür edir, əməkdaşlığımızın davamlı və səmərəli olmasını arzu edirik.