Qubadlının işğalından 27 il ötür
Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qubadlı rayonunu işğal etməsinin növbəti ildönümüdür. Qubadlının işğalından 27 il ötür. Erməni işğalçıları 1993-cü ilin avqustun 31-də rayonu zəbt ediblər. İşğal ərəfəsində Qubadlı rayonunun əhalisi 29903 nəfər olub. Hazırda rayonun əhalisinin sayı 38 minə yaxındır. Erməni silahlı birləşmələrinin əlindən qurtulmuş insanlar hazırda ölkənin 47 rayon və şəhərində məskunlaşıblar. Rayonun müdafiəsi zamanı 238 könüllü qəhrəmancasına həlak olub, onların yeddisi Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb.
Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib.
Dövlət başçımız İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət məcburi köçkünlərdə, o cümlədən qubadlılarda nikbin əhval-ruhiyyə yaradıb. Onlar yaxın illərdə torpaqlarımızın azad olunacağına inanır və səbirsizliklə "Böyük qayıdış"ı gözləyirlər.