Milli Mətbuat Günü
Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. Azərbaycanda Milli Mətbuat Günü iyulun 22-də, 145 il əvvəl Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri – “Əkinçi” qəzetinin buraxıldığı gündə qeyd edilir.
Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər “Əkinçi” qəzeti səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.
“Əkinçi” qəzetinin əsas məqsədi xalqımızı yeni elmi düşüncə və texnoloji vərdişlərə uyğun maarifləndirmək, həyat və məişətin bütün sahələrində onu digər xalqlarla yanaşı addımlamağa səfərbər etmək olub.
1998-ci ildə senzuranın ləğvi, 2001-ci ildən isə ölkədə latın qrafikalı əlifbaya keçirilməsi müasir mətbuatımızın tarixində ən əlamətdar hadisələrdir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev də azad mətbuatın inkişafını, demokratik cəmiyyət quruculuğunda jurnalistlərin fəaliyyətini daim dəstəkləyir. Azad mətbuatın mövcudluğu ölkəmizin demokratik inkişafı üçün ən başlıca şərtlərdən biridir.
Azərbaycan mətbuatının özülü 145 il əvvəl sağlam əsaslarla – xalqa təmənnasız xidmət, onun tərəqqisi yolunda çalışmaq amalı ilə qoyulub. Bu bünövrə üzərində ucalan mətbuatımız həmişə xalqımızla bir yerdə olub, onun arzu və əməllərinə çıraq tutub.