Dağlıq Qarabağ Muxtar Vilayəti - Qarabağın sızlayan yarası

Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilində "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir. Azərbaycan dilində "qara"nın rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və başqa mənaları da vardır. Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ", "səfalı bağ" və s. mənalar kəsb edir.

 Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. Sovet hakimiyyəti dövründə burada ərazisi  Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin qurulmasına yol açan muxtar vilayət 1923-cü ilin 7 iyulunda yaradılır. Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekretinə görə, Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində mərkəz Xankəndi olmaqla muxtar vilayət yaradılır, İcraiyyə Komitəsi və yerli sovetlər vilayətin idarə orqanları müəyyən olunur. Vilayətin əsasnaməsinin işlənib hazırlanması və inzibati vahidlərin faktik olaraq muxtar vilayətə verilməsi, habelə muxtar vilayətin sərhədlərinin müəyyənləşdirilməsi üçün dağlıq və düzən Qarabağ, Kürdüstan və Azərbaycan SSR mərkəzi hakimiyyətinin nümayəndələrindən ibarət qarışıq komissiya yaradılır.

 Sovet hakimiyyətinin sonrakı illərində DQMV-nin hüdudları və səlahiyyətlərinin genişləndirilməsi prosesi gedir, bölgədə ermənilərin say və mövqe üstünlüyü təmin olunur. Bu səbəbdən 1990-cı ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi 192000 nəfərə çatdı və artıq burada ermənilər 76 faiz, azərbaycanlılar isə 23 faiz təşkil edirdi.

 1991-ci il noyabrın 20-də Martuninin azərbaycanlılar yaşayan kəndlərinə uçan nümayəndə heyətini aparan vertolyot Qarakənd üzərində terrora məruz qalır. Azərbaycanın dövlət katibi  Tofiq İsmayılov, baş nazirin müavini Zülfü Hacıyev, dövlət müşaviri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, prezidentin mətbuat katibi Osman Mirzəyev, dövlət-hökumət xadimləri  Vaqif Cəfərov, Vəli Məmmədov, Qurban Namazəliyev, DQMV hüquq-mühafizə, təhlükəsizlik orqanlarına başçılıq edən rusiyalı generallar daxil 20-dən çox adam həlak olur. Bu hadisə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvinə təkan verir.

Noyabrın 26-da Azərbaycan parlamenti DQMV-ni milli ərazi qurumu kimi ləğv edir, "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul dekreti və "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Azərbaycan SSR-in 1981-ci il 16 iyun qanununu qüvvədən düşmüş sayır.

 Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq, Stepanakert Xankəndi, Mardakert Ağdərə, Martuni Xocavənd adlandırılır.

Əsgəran və Hadrut rayonları ləğv edilir, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılır, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilir.

 Hazırda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və onun ətrafında daha 7 rayon tam və ya qismən erməni işğalındadır.

#QarabağAzərbaycandır

#EvdəQal #EvdəXatırla

#301nömrəliməktəb

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi