İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi

  Dəhşətli 20 Yanvar faciəsində sanki məhəbbətin, sevginin də yaddaşı təzələndi. Bu qanlı hadisədə tükürpədici, kədər və qəmlə yüklənmiş "Leyli və Məcnun"a bənzər "Fərizə və İlham" dastanı da yarandı. Başqa qeyrətli oğullar kimi, İlham da müstəqilliyimiz və azadlığımız uğrunda mübarizəyə qoşulmuşdu. Sovet imperiyasının tankları ölkəmizin paytaxtına daxil olanda o da yalın əllə sinəsini irəli verənlərdən biri olmuşdu. İmperiya əsgərlərinin atdığı odlu güllələr onun sinəsini deşik-deşik etmişdi. Hamı kimi yaşamaq üçün dünyaya göz açmış İlham şəhid olmuşdu.

 Həmin gecə qapıları odlu güllələrlə bərabər qara xəbərlər də döyürdü. İlhamgilin evinə də onun şəhid olması barədə xəbərlər gəlib çatmışdı. Həyat yoldaşının şəhid olduğunu eşidən Fərizə bu acı xəbərdən sarsıldı. Ağlayıb acı göz yaşları axıtsa da, heç yerdə, heç nə ilə özünə təskinlik tapa bilmirdi. Doğulduğu bu həyatda İlhamsız yaşamaq, ömür sürmək istəmirdi. Fərizə ölümə üsyan elədi və ona qalib gəldi.

 Bu gün Şəhidlər xiyabanına gələnlər ən çox ayaqlarını İlham və Fərizənin məzarları önündə saxlayırlar. Bir dəqiqəlik sükutla onların ruhunu yad edirlər. Hər ikisinin sevgisi, sədaqəti və məhəbbəti qarşısında baş əyirlər. "20 Yanvar" Azərbaycan xalqının qəhrəmanlıq tarixi olsa da, bir çoxları üçünsə bu, sadəcə, faciədir.

Ən azı, həmin gün həlak olanların yaxınları üçün... Hər dəfə bu günü xatırlayanda gözümüzün önündə mütləq iki qəhrəman canlanır - İlham və Fərizə! Bu cütlüyün məzarları üzərindəki foto da hər birimizin yaddaşına həkk olunub. Onlar Milli Azadlıq Hərəkatının simvollarından birinə çevriliblər.

 2004-cü ildən İlham və Fərizənin toy günü olan 30 iyun tarixi hər il Azərbaycanda qeyri-formal olaraq "Sevgililər Günü" kimi qeyd olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi