Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin Doğum Günüdür
Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində dünyaya göz açıb. 1970-ci ildə orta məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb. 1973-cü ildə Minsk şəhərində hərbi xidmətini başa vurduqdan sonra, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləyib.
Qarabağda dünyaya göz açanların xəmiri igidlikdən, qəhrəmanlıqdan yoğrulub. Qədim cıdır düzündə at çapıb, qurşaq tutan babaların övladları şeytan məkri ilə yurdlarından uzaq düşdülər. Tale elə gətirdi ki, yağı düşmən tarixi torpaqlarımız olan Zəngəzur, Dərələyəz, Göyçə mahalları kimi qədim Qarabağ torpaqlarına qənim kəsildi. Qarabağ cəngavəri Əlif Hacıyevin əzmkarlığı nəticəsində Xocalı hava limanı erməni millətçilərinin nəzarətindən tamamilə çıxmış və bu, onlar üçün ağır zərbə olmuşdur. Bunun əvəzini çıxmaq üçün düşmən 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıya hücum etmişdir. Əlif və onun dəstəsi səhər saat beşə qədər azğınlaşmış rus hərbiçiləri və erməni yaraqlıları ilə vuruşmuşdular. O, bu qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxarmışdı. Əlif Hacıyev bir daha geriyə dönərək, yenidən döyüşə atılmış və bu zaman ağır yaralanmışdır. Vətənini, torpağını canından əziz bilən Əlif Hacıyev , Qarabağ torpağında – Xocalı faciəsi zamanı şəhid olmuşdu. Yaxşı ki, xalqımızın, vətənimizin ağır günlərində sinəsini yağı gülləsinə sipər edən oğulları var. Elə Əlif Hacıyev kimi. Belə oğullar isə heç zaman unudulmur, xalqın qəlbində əbədi yaşayır.
Əlif Hacıyev düşmənin nə qədər güclü olmasına baxmayaraq təslim olmur, onlarla cəngavər kimi vuruşur, dinc əhalinin təhlükəsiz yerə çıxarmaqdan ötrü misilsiz qəhrəmanlıq göstərirdi. Düşmən gülləsi Qarabağ cəngavərinin vətən sevgisi ilə döyünən ürəyini də susdurdu. Vətən yolunda onu canından artıq sevən bir qeyrətli eloğlumuz da şəhidlik mərtəbəsinə yüksəldi. Ölümündən bir neçə gün sonra Əlifin tabutunu Bakıya gətirib Şəhidlər Xiyabanında dəfn etdilər.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əlif Lətif oğlu Hacıyevə ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verildi. Bu gün Bakı şəhərindəki küçələrdən biri ölməz qəhrəmanın adını daşıyır. Xalqımız Əlif Hacıyevin adını həmişə uca tutur və uca tutmağa davam edəcəkdir.
#EvdəQalaq #EvdəXatırlayaq
#301nömrəliməktəb