Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağının qəbul edildiyi gündür

 Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, milli azadlıq, istiqlal uğrunda mübarizə aparmışdır. XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Azərbaycanın demokratik qüvvələri, mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun müstəqilliyi, xalqımızın azadlığı uğrunda mübarizəyə qoşuldular. Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət yaratmaq üçün şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan edildi. Həmin gün Azərbaycan xalqının tarixində əlamətdar bir hadisə oldu. Azərbaycan Respublikasının yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun, C.Hacınskinin, S.Mehmandarovun və başqalarının çox böyük rolu olmuşdur. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qəbul olunmuşdur. Bu bayraq Osmanlı İmperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək mövcud olmuş, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağından ibarət idi. Noyabrın 9-da bu bayraq, ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraqla əvəz edildi. Azərbaycan Cümhuriyyətinin dövlət bayrağının üç rəngi "türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və islam sivilizasiyasını təmsil edirdi.

  Dövlət bayrağı hər bir ölkənin, xalqın, millətin dünya birliyində imzası, simvolu, şərəfi və qürurudur. Tarix sübut edib ki, hər bir xalqa bu nəsib olmur. Bayrağı yüksəltmək müəyyən bir ərazidə öz dövlətini qura bilən, onu möhkəmləndirib yaşadan, öz milli-mənəvi dəyərlərini mühafizə və inkişaf etdirən xalqa nəsib olur. Başımız üzərində dalğalanan, dünyaya bizi tanıdan XX əsrin əvvəllərində öz müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı bu gün də müstəqilliyimizin və dövlətçiliyimizin rəmzidir, AXC-nin varisi olduğumuzun təsdiqidir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi