Vətənin Qəhrəman oğlu Mübariz İbrahimov
Vətən qaladır. Əzəmətli, vüqarlı qala. Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən oğullardır. Biri-birinə arxa-dayaq olan bu qayaların ürəkləri Vətən sevgisiylə, Vətən eşqiylə döyünür. Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür, Vətən üçün can əsirgəmir, şəhadətləriylə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. Heç kimə bənzəmədən öz ömrünü ömürlərə - Vətənə bağışlayan oğullardı qəhrəmanlar. Şəhidlik yenilməzlik əlamətidir. Mübariz işğal altında olan Vətən torpaqlarımızın, boynu bükük dağlarımızın, məlul baxışlı meşələrimizin, dili kilidlənmiş bulaqlarımızın həsrətini çəkirdi. Dözə bilmirdi bunlara. Sözünün əvvəli də, axırı da Vətən idi. Vətəni qorumağı, şəhid olmağı bir övlad kimi şərəf borcu sayırdı.
Hərənin öz yolu var deyirdi. “Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən...”
Mübariz baharı çox sevərmiş. Yazda gülə-çiçəyə tamaşa etməkdən doymazmış. İyirmi iki bahar yaşadı. Şəhidlik zirvəsinə qovuşanda da ömrünün bahar çağıydı. İllər ötəcək, Mübariz bu yaşda ömrünün baharında qalacaq...Vətən uğrunda canından keçənlər ölmür. Şəhidlər əbədiyaşardır. Onlar Vətən uğrunda vuruşdular, Vətən naminə canlarından keçməyi bacardılar. Cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir.