17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günüdür
Ümumdünya Səhiyyə Təşkilatının Nizamnaməsində sağlamlıq insanın ən əsas hüquqlarından hesab edilir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra onun həyata keçirdiyi sosial – mədəni tədbirlərdən biri də sağlamlığı mühafizə ilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu. İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli oldu.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində heç şübhəsiz ki, həkimlərin, tibb işçilərinin rolu olduqca böyükdür. Həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlər danılmazdır. Koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə “əsgərlərimiz” həkimlərimiz və tibbi xidmət personalıdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar. Ölkəmizdə yaşanan bu çətin vəziyyətdə, xüsusi karantin rejimi dövründə koronavirusla mübarizədə əsl güc, dəyanət nümayiş etdirirlər. Vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirərək üzərilərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Bizlər də, bir Azərbaycan vətəndaşı olaraq koronavirusla mübarizədə gərgin əmək sərf edən tibb işçilərinə gələcək işlərində uğurlar arzulayırıq. Dövlətimizin, ölkə başçısının qayğısı, həkimlərimizin, tibb işçilərimizin əzmkarlığı sayəsində ölkəmizdə bu bəlanın tez bir zamanda aradan qalxacağını və bu çətin işdə onlara uğurlar arzulayırıq!!!
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.