Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin anım günüdür
Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstutunu bitirib. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başladı. Çingiz Mustafayev Ermənistan - Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı. O, cəbhədə bir əsgər, bir zabit və hətta bir komandan kimi bir
çox vəzifəni öz üzərinə götürürdü.
Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşayacağına işarə idi.
Çingiz Mustafayev 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanıdır.