Onlayn son zəng tədbiri
Məktəb hər kəsin həyatında xüsusi yeri olan təhsil ocağıdır və həyatın ən qayğısız günlərinin keçdiyi yerdir. Bütün şagirdlər son zəngə xüsusi hazırlaşırlar və xüsusi proqramlar qururlar. Yəqin ki, bu il də belə olacaqdı. Ancaq 2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq Azərbaycanda bir ilk yaşandı, ilk dəfə virtual şəkildə “Son zəng” təşkil olundu. Məktəbin 61 şagirdi bu gün məzun adı qazandı. Məktəb rəhbərliyi məzunları təbrik etmək üçün onlarla onlayn görüş keçirdi. “Məzun” adını qazanan bütün şagirdləri təbrik edən məktəb rəhbəri şagirdlərə: “Uğura gedən yol daim axtarışda olmaq, çalışmaq və özünü inkişaf etdirməkdir. Ulu Öndər Heydər Əliyev daima “Təhsil millətin gələcəyidir” deyirdi. Həmin gələcək sizin əlinizdədir. Böyük hədəflərə gedən yol məhz bu gündən başlayır. Çalışın dövlətin maraqlarını hər zaman öz maraqlarınızdan üstün tutun” deyərək öz tövsiyələrini verdi, məzunların hər birinə imtahanlarda və gələcək həyatlarında uğurlar arzuladı. Sonda isə birinci sinif şagirdləri onlayn şəkildə on birinciləri təbrik etdi və son zəng sədalarını səsləndirdilər.
#BizBirlikdəMəzunuq
#301nömrəliməktəb