9 İyun - Dünya şöhrətli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti Rəşid Behbudovun xatirə günüdür
Azərbaycan müğənnisi, SSRİ xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və Dağıstan MSSR-ın xalq artisti, Gürcüstan SSR-ın əməkdar incəsənət xadimi Rəşid Məcid oğlu Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə ailəsində dünyaya gəlmişdir. Rəşid Behbudov Azərbaycanın çoxəsrlik mədəniyyəti tarixinin yetirdiyi böyük simalardandır. Özünəməxsus ifaçılıq tərzinə və həzin lirizm çalarlı ecazkar səsə malik sənətkar təkrarolunmaz yaradıcılığı boyunca sənət aləminə gətirdiyi yeniliklərlə milli musiqi salnaməsini xeyli zənginləşdirmişdir. Çoxşaxəli fəaliyyəti dövründə özünün qurduğu və bu gün də adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrı mədəniyyətə böyük töhvə vermişdir. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət almışdır. Rəşid Behbudovun kino aktyoru kimi canlandırdığı unudulmaz obrazlar ölkə kinomatoqrafiyasının parlaq səhifələridir. Vətənə və xalqa son dərəcə bağlı olan sənətkar dünyanın ən məşhur teatr səhnələri və konsert salonlarındakı rəngarəng repertuarlı saysız çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırmışdır. Rəşid Behbudovun həm müğənni, həm də aktyor kimi böyük istedad sahibi olması və bu cəhətlərin qovuşması onun bütün yaradıcı fəaliyyət sahələrinə sirayət edərək, yüksək sənət nümunələrinin yaranmasına səbəb olmuşdur. O, xalq mahnılarını da özünəməxsus tərzdə ifa edirdi. "Gözəlim sənsən", "Küçələrə su səpmişəm", "Laçın" və s. mahnılar məhz onun ifaçılıq tərzində xalqın yaddaşına həkk olunub.
Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmişdir.
Rəşid Behbudov təkrarsız ifası, qəlbləri ovsunlayan səs tembri, sənətə olan sonsuz sevgisi ilə ölməzlik qazanmışdır. Onun məlahətli səslə oxuduğu mahnılar bu gün də qəlblərə yol tapır, zövqləri oxşayır və şübhə yoxdur ki, hər zaman da belə olacaq.
2015-ci ilin dekabrında Heydər Əliyev Sarayında sənətkarın 100 illik yübileyi qeyd olunub.