Mikayıl Müşfiqin anadan olmasından 112 il ötür

Ah, mən gündən-günə bu gözəlləşən 

İşıqlı dünyadan necə əl çəkim?!

Bu yerlə çarpışan, göylə əlləşən 

Dostdan, aşinadan necə əl çəkim?!

 Yəqin ki, bu sətirlərin kimə məxsus olduğunu çoxunuz bilirsiniz. Həyatdan nakam gedən Mikayıl Müşfiqindir bu sözlər...

 Onun anadan olmasından 112 il ötür. Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini rus - tatar məktəbində alan Mikayıl Müşfiq humanitar elmlərə böyük maraq göstərmişdir. Bakı Dövlət Universitetinin dil və ədəbiyyat fakültəsini bitirərək Bakı məktəblərində müəllimlik etmişdir. 

 O, poetik yaradıcılığa "Gənc işçi" qəzetində çap etdirdiyi "Bu gün" şeiri ilə başlamışdır. Həqiqi bir müəllim, əsl vətənpərvər olan M. Müşfiq öz yaradıcılığında uşaqlar üçün də yer ayırmış, bir-birindən gözəl əsərlər yaratmışdır. "Şəngül, Şüngül, Məngül", "Kəndli və ilan" mənzum nağılları, "Qaya", "Vuruşmalar" poemaları, "Coğrafiya", "Məktəbli şərqisi", "Zəhra üçün" və digər şeirləri uşaqlar arasında şairə böyük məhəbbət qazandırmışdır.

 Qısa ömür yaşamasına baxmayaraq, maraqlı və orijinal əsərləri ilə ədəbiyyatımızda dərin izlər qoyan Mikayıl Müşfiq poeziyamıza nadir incilər bəxş etmişdir. Onun "Oxu tar", "Qal sənə qurban", "Ana", "Yenə o bağ olaydı" kimi şeirləri geniş oxucu sevgisi qazanmış gözəl sənət əsərləridir. 

 Sovet repressiyasının əlbəri 29 yaşında şairin həyatına son qoydu. O, əksinqilabçı damğası vurularaq 1937-ci il iyunun 4-də evində həbs olunur. 1938 ci il yanvarın 5-də 20 dəqiqəlik məhkəmə iclası Mikayıl Müşfiq barəsində güllələnmə qərarı verdi. Hökm bir neçə saatdan sonra - yanvarın 6-na keçən gecə icra olundu.

 Görkəmli şairin əziz xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda yaşadığı binaya xatirə lövhəsi vurulmuş, büstü qoyulmuşdur. Şairin çalışdığı son iş yeri olan 18 saylı orta məktəb, həmçinin Gəncə, Xızı, Sabirabad və digər şəhərlərdə fəaliyyət göstərən orta məktəblər görkəmli şairin adını daşıyır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi