Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi

 23.05.2020-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kərimova Sevinc VIIIa sinif şagirdləri ilə görkəmli yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığına həsr olunmuş onlayn görüş keçirmişdir. 

 Görüşdə Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı haqqında şagirdlərə dolğun məlumat verildi. Bildirildi ki, Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri  Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il may ayının 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində doğulmuşdur. Əvvəl Şuşada, sonra isə Tiflisdə realnı məktəbdə oxuyan Əbdürrəhim bəy Haqverdiyev təhsilini Peterburqda davam etdirib. 

 Əbdürrəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa realnı məktəbində oxuduğu zaman başlamış, M.F.Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazmışdır.

 Peterburqda ali təhsil alıb Şuşaya qayıdan Əbdürrəhim nəy Haqverdiyev burada tamaşalar təşkil edir, bir müddət sonra Bakıda "Ata və oğul", "Ayın şahidliyi" kimi ilk hekayələrini dərc etdirir. "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyularkən Əbdürrəhim bəy Haqverdiyev ilk Azərbaycan dirijoru kimi xor və orkestri idarə edir. Ədibin bir çox əsərləri "Molla Nəsrəddin" jurnalında çap edilib. Burada "Lağlağı", "Mozalan", "Süpürgəsaqqal" və s. imzalarıyla hekayə və felyettonlarını nəşr etdirir.

 Əbdürrəhim bəy Haqverdiyev həm də gözəl hekayələr müəllifidir. "Bomba", "Şeyx Şaban", "Pir" hekayələri maraqlı süjetə malikdir. O, həmçinin "Marallarım", "Xortdanın cəhənnəm məktubları", "Ac həriflər", "Xəyalət" və digər maraqlı əsərlərin müəllifidir. Bundan başqa Əbdürrəhim bəy Haqverdiyev tərcüməçiliklə də məşğul olmuşdur. Şeksprin "Hamlet", Şillerin "Qaçaqlar", Andersenin "Bülbül" və s. əsərləri Azərbaycan dilinə tərcümə etmişdir. 

 Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan ədəbiyyatında xüsusi yeri olan sənətkardır. Onun əsərləri şagirdlərin bədii zövqünün formalaşmasına müsbət təsir göstərir. Sonda şagirdlərə tövsiyə olundu ki, ədibin yaradıcılığı ilə yaxından tanış olsunlar və ümumiyyətlə, mütaliə ilə çox məşğul olsunlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi