Beynəlxalq muzeylər günü
Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün devizi "Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik"dir.
Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu günün qeyd olunmasında əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bir daha nadir eksponat və tarixi abidələrə, onların mühafizəsinə cəlb etməkdir. Qiymətli əşyaların, maddi-mənəvi sərvətlərin etibarlı mühafizə yeri kimi dəyərləndirilən muzeylər hər xalqın tarixinin müəyyən məqamlarını özündə yaşadan, maddi-mədəniyyət nümunələrinin tarixini öyrənən və onları nümayiş etdirən elm-mədəniyyət müəssisələridir.