Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəb Xalqqazeti.com- da

inəqədi rayonu R.Əliyev adına 3 nörməli tam orta məktəbin IX – XI sinif şagirdləri üçün  unudulmaz bir gün təşkil edilib. Dekabrın 1-də, Laçının Ermənistanın işğalından azad edilməsinin ikinci ildönümü günündə Şuşa şəhərinin 270 illiyinə həsr edilmiş “Şuşanın 270 anı” adlı filmin təqdimatı keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, həmçinin digər qonaqlar iştirak ediblər.

Filmi Xəzər TV-nin aparıcısı, özünün milli-vətənpərvər mövqeyi ilə seçilən peşəkar təmsilçisi jurnalist Lalə Azərtaş təqdim edib.

Təqdimatın açılışında çıxış edən məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət qeyd edib ki, Azərbaycanın göz bəbəyi olan Şuşa artıq iki ildən çoxdur ki, düşmən işğalından azad edilib. O, bildirib ki, elə bir azərbaycanlı olmaz ki, Şuşa adı gələndə həyəcanlanmasın. Təqdimatı gerçəkləşən film də bu baxımdan müəllimlər və şagirdlər üçün yaddaqalan olacaq.

Filmin müəllifi Lalə Azərtaş deyib ki, film “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin məhsuludur. O bildirib ki, Şuşanın 270 illiyinə ərməğan edilən filmin araya-ərsəyə gəlməsi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə mümkün olub. Lalə Azərtaş filmin çəkilişi zamanı yaşadığı duyğuları məktəbin müəllimləri və şagirdlərlə bölüşüb.

Müəllifin film haqqında fikirlərindən sonra “Şuşanın 270 anı”na səyahət edilib. Ekran əsəri şagirdlər və müəllimlərə duyğulu anlar yaşadıb. Nümayişin sonunda sürəkli alqışlarla qarşılanan film Azərbaycanın bu qədər dəyərli bir yurd yerini düşmən tapdağından azad etməsinin önəminə işıq tutub.

Film başa çatdıqdan sonra Lalə Azərtaş və Almaz Həsrət çıxış edərək fikirlərini paylaşıblar. İgidlərimizin şücaəti sayəsində əldə edilən zəfərin önəmini qeyd ediblər. Bu yolda canlarından keçib ali məqama yüksələnlərin xatirələrinin daim əziz tutulacağını vurğulayıblar.

 Təqdimat mərasimində iştirak edən BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət filmin nümayişindən sonra çıxış edərək, bu sənət nümunəsini bəyəndiyini bildirib və bəzi maraqlı səhnələrlə bağlı fikirlərini bölüşüb. Həmçinin filmin müəllifi Lalə Azərtaşın bir jurnalist və vətəndaş kimi istər 44 günlük müharibəyə qədər, istər savaş günlərində, istərsə də torpaqlarımızın işğaldan azad edilməsi ilə başa çatan, əldə edilən möhtəşəm Qələbədən sonra informasiya cəbhəsində yorulmadan çalışdığını vurğulayıb.

Azər Həsrət, eyni zamanda, Vətən müharibəsi ilə bağlı fikirlərini paylaşıb, müzəffər Ali Baş Komandanın qətiyyəti və igid Azərbaycan oğullarının canı-qanı hesabına torpaqların düşmən tapdağından azad edildiyinin bizim üçün qürur örnəyi olduğunu bildirib. Şagirdlərə Vətənə sevginin uşaq yaşlarından aşılanmalı olduğunu xüsusi qeyd edib.

Tədbirin davamında təşkil edilən bədii hissədə milli paltar geymiş şagirdlərin bir-birindən gözəl ifaları, rəqsləri qonaqların, şagird və müəllimlərin alqış və rəğbəti ilə qarşılanıb. Şuşaya, Laçına və işğaldan azad edilən digər bölgələrimizə həsr edilmiş şeirlər duyğulu anlar yaşadıb.

https://xalqqazeti.com/az/news/117451?utm=w

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi