Əməkdar müəllim Almaz Həsrətin "Yeni Azərbaycan"a müsahibəsi

Məktəb fobiyası, məktəbə getməkdən imtina, məktəb nevrozu... Adlar fərqli olsa da, problem eynidir - bəzi uşaqlar dərsə getməkdən imtina edir. Bu hal son illər orta məktəb şagirdləri ilə bağlı ən çox rast gəlinən problemlərdən biridir. Təəssüf ki, şagirdlərin bir qisminin dərsə davamiyyəti ürəkaçan səviyyədə deyil. Davamiyyətsizliyin isə səbəbləri müxtəlifdir. Məsələn, məktəbdə təhsilin aşağı səviyyədə olması, müəllim-şagird münasibətlərinin yolunda getməməsi, yaxud da valideynlərin övladlarını repetitor yanına göndərməsi...

Məlumat üçün qeyd edək ki, məktəb fobiyası haqqındakı araşdırmalara ilk dəfə 1930-cu illərdə başlanılıb. 1960-1970-ci illər arasındakı tədqiqatların nəticələrinə görə, ABŞ-da ibtidai siniflərdə təhsil alan hər min şagirddən onunda məktəb xofu müşahidə edilib. Müasir tədqiqatlara görə isə, şagirdlərin təxminən 8%-i məktəb qarşısında qorxu hissi keçirirlər. 3 yaşdan 14 yaşadək 1034 Venesuela məktəblisi arasında aparılan tədqiqatın nəticəsi göstərib ki, uşaqlar uğursuz sınaq, pis qiymət, direktorun otağına düşmək, imtahan, yazı lövhəsinə çağırılmaq, sinif qarşısında dərsə cavab vermək, qəfil cavab verməyə çağırılmaq, məktəbdə xəstələnmək və səhvə yol vermək kimi halların qorxusundan məktəbə getmək istəmirlər. Həmçinin məktəb qorxusu olan şagirdlərin ailə tərkibini öyrənən digər tədqiqatlar göstərib ki, belə uşaqların 55 faizi ya ailənin tək uşağı, ya da ən kiçik uşağıdır. Eləcə də, tək valideynli ailələrin uşaqları hər iki valideyni olan uşaqlara nisbətən əhəmiyyətli dərəcədə çox dərs buraxırlar...

Uşaq məktəbə getməkdən niyə imtina edir?

Birinci sinif şagirdləri üçün problem, adətən, sosial uyğunlaşma ilə bağlı çətinliklərdir. Uşaq tanımadığı bir mühitdə sadəcə narahatdır və hər şeyin aydın və tanış olduğu evə getmək istəyir. Ancaq yuxarı sinif şagirdlərinin məktəbə getməkdən imtina etməsi müxtəlif səbəblərdən qaynaqlanır. Şagirdlər müəllimlərin bəzisi ilə dil tapa bilmir, istehza, məzəmmət və diqqətsiz münasibətlə üzləşirlər. Nəticədə, məktəbli özünü zəif və güvənsiz hiss edir. Məlumdur ki, bu durum məktəblinin psixoloji vəziyyətinə də müəyyən dərəcədə mənfi təsir göstərir. Şagirdlərin bir qismi bəzi müəllimlərin davranışından gileylənirlər. Halbuki pedaqoqun ən vacib və ən əsas vəzifələrindən biri şagirdlə düzgün ünsiyyət qurmaq, yeniyetməni təhsilə cəlb etmək, həvəsləndirici metodlardan istifadə edərək şagirdləri tədris prosesinə yönəltməkdir. Bəzi müəllimlərin isə bu məqamları nəzərə almaması şagirdlərin məktəbdən üz döndərməsinə, onların davamiyyətsizliyinə yol açır.

Şagirdlərin məktəbə getməməsinin digər və əsas səbəblərindən biri isə onların repetitorlara üz tutmalarıdır. Etiraf edək ki, xüsusilə 10-11-ci sinif şagirdləri repetitor yanına getməyi orta məktəbə getməkdən üstün tuturlar. Çünki ali məktəbə qəbul imtahanı verəcək yuxarı sinif şagirdləri - abituriyentlər vaxt itkisinə yol vermək istəmirlər. Bəzi valideynlər övladlarını repetitor yanına göndərmələrini orta məktəbdə təhsilin keyfiyyətinin ürəkaçan olmadığı ilə əlaqələndirirlər.

Bir hadisə olan kimi müəllimin üstünə düşürlər

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən 3 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət də 10-11-ci sinif şagirdlərinin dərsə davamiyyətinin zəif olduğunu böyük təəssüf hissi ilə bildirib. A.Həsrət qeyd edib ki, şagirdlər arasında davamiyyətin zəif olma səbəbləri müxtəlifdir, ancaq təhsilin yüksək səviyyədə inkişafı üçün, ilk növbədə şagirdləri ali məktəbə qəbul olma sayına görə yox, onları ədəb-ərkanı, mədəniyyəti və torpağa sevgisinə görə qiymətləndirmək lazımdır: “44 günlük savaşda şəhid olan oğullarımızı araşdırsaq, onların çoxunun ali təhsilli olmadığını görərik. Yəni təhsilin qiyməti, dəyəri yüksək ədəblə, mənəviyyatla ölçülməlidir. Əxlaq və ədəbə önəm verməyəcəyiksə, hansı məktəbdən nə qədər sayda şagirdin ali məktəbə qəbul olduğunu müzakirə edəcəyiksə, təhsilimizdə orta səviyyədən yuxarı qalxa bilmərik”.

Məktəb direktoru vurğulayıb ki, şagird-müəllim-valideyn birliyindən əlavə, hər bir məktəbin üzv olduğu rayon təhsil şöbələri, Elm və Təhsil Nazirliyinin aidiyyəti şöbələrinin bərabər və kompleks şəkildə fəaliyyəti vacibdir: “Bir hadisə baş verirsə, ilk növbədə müəllimin üstünə düşürlər. Müəllim şagirdə səsini ucaldaraq dərsi nə üçün oxumadığını soruşarsa, valideyn həmin müəllimi Nazirliyə, polisə şikayət edir, sosial şəbəkələrdə ona aşağılayıcı sözlər yazır. Təəssüf ki, bu halların sayı get-gedə artır, internet əsridir, hər şagirdin əlində bir telefon var və bu cür yollara əl ataraq sanki müəllimləri ruhdan salırlar. 20 il öncəki müəllimlərlə işə yeni qəbul olan gənc müəllimlərimizi müqayisə edək. Öncəki və indiki müəllimlər arasında, əslində heç bir fərq yoxdur. Çünki müəllimlərin işə qəbulu yalnız bilik və savada uyğun aparılır, onların bu imtahanlarda nə ünsiyyəti, nə xarici görünüşü, nə də şagird və valideynlərlə münasibəti yoxlanılır. İmtahanda müəllimlərin ancaq bilik səviyyəsi yoxlanır və yüksək, ya da orta səviyyədə bal toplayan müəllimlər birbaşa orta məktəblərə təyin olunur. 1 ildən sonra isə müddətsiz olaraq işləməyə başlayırlar. Amma bu prosesdə məktəb rəhbərliyinin rəyi nəzərə alınmır və müəllim işə qəbul olunmasının 2-ci ilində aidiyyəti təhsil şöbəsinə gedib müsahibədən keçdikdən sonra həmin çalışdığı məktəbdə müddətsiz olaraq işləyir. 1 il çalışdığı məktəbin rəhbərliyində çalışan nümayəndələrin, valideyn və şagirdlərin rəyi nəzərə alınmalıdır, yəni işə qəbul olan müəllim özünü doğrulda bilibmi? Düzdür, həmin müəllim savadlı ola bilər, amma qarşısındakı şagirdlərlə normal ünsiyyət qurub onlara nələrisə ötürə bilirmi? Nə qədər ki, bu meyarlar ölçülməyəcək, təhsilimizdə bir o qədər axsamalar gözlənilir”.

Müəllim ləhcə ilə danışmamalıdır...

A.Həsrətin sözlərinə görə, elə məktəblər var ki, orada jarqonlardan istifadə edən, ləhcə ilə danışan müəllimlər çalışır: “Belə hallara yol vermək olmaz. Azərbaycan dili və ədəbiyyat müəllimi ləhcə ilə danışır. Bu, düzgün deyil, orta məktəblərdən ləhcələri yığışdırmaq lazımdır. Məktəb gələcəyə təhsilli və mənəviyyatı yüksək olan gənc nəsil yetişdirmək istəyirsə, hər bir nüansa diqqət yetirmək lazımdır. Buraya ləhcədən tutmuş, geyim tərzi, saç düzümü və digər məqamlar daxildir. Bütün bunlar müəllimin portretini formalaşdırır.

Repetitorluqla bağlı təklif - Cəza mexanizmi

Şagirdlərin davamiyyətinə gəlincə, A.Həsrət vurğulayıb ki, əsasən, 10-11-ci sinif şagirdlərinin dərsə davamiyyəti zəifdir: “Fikrimcə, bu mövzu Elm və Təhsil Nazirliyinin səlahiyyətində həll oluna bilən məsələdir. Bir təklif səsləndirmək istərdim: Tapşırıq verilsin ki, repetitorlar fəaliyyətlərini şagirdlərin dərs alma hüquqlarını pozmadan həyata keçirsinlər. Məsələn, 1-ci növbədə təhsil alan şagirdlər səhər saat 8-dən, saat 1-ə kimi dərsdə iştirak etməlidirlər. Əgər repetitorlar şagirdləri dərs zamanı öz yanlarına çağırırlarsa, onlar mütləq şəkildə cəzalandırılmalıdır. Elm və Təhsil Nazirliyinin müvafiq şöbəsi bu sahədə fəaliyyət göstərməlidir.

Repetitorlar, adətən, məktəbdə çalışan fənn müəllimləridir, yox əgər müəllimlərin işə qəbulunda yüksək nəticə göstərə bilməyiblərsə, o zaman kurslara yönəlirlər, addımbaşı təhsil mərkəzləri yaranıb, gedib orada işləyirlər. Bu müəllimlər tədris mərkəzlərində səhərdən-axşama kimi repetitorluqla məşğul olduqlarını elan edirlər. Təəssüf ki, əksər valideynlər də həmin elanları ciddi qəbul edib kurslara üz tuturlar. Valideyn bilməlidir ki, həmin kurslardakı repetitorlar işə qəbulda yüksək bal toplaya bilməyən müəllimlərdir”.

Müəllimlərin psixoloji durumu yoxlanmalıdır

A.Həsrət şagird və müəllim arasındakı ünsiyyətlə bağlı məqama da toxundu: “Elə müəllim var ki, öz ailəsinin davranış tərzinə uyğun olaraq qulağının daim eşitdiyi ifadələri məktəbə gətirir. Belə olan halda bu duruma nə Elm və Təhsil Nazirliyi, nə də məktəb rəhbərliyi təsir göstərə bilər. Təəssüf ki, məktəblərimizdə elə müəllimlər var ki, onlar hələ də etik davranış qaydalarına əməl etməkdə çətinlik çəkirlər. İşə qəbul zamanı müəllimlərin psixoloji durumu, etik-davranış qaydalarını yoxlayan testlər keçirilmir. Biliklə bərabər, ünsiyyət və davranış meyarları yoxlanmalıdır. Çünki müəllimlərin düzgün ünsiyyət tərzinin olmaması da şagirdin məktəbdən yayınmasına səbəb ola bilər”.

 

Mənbə: https://www.yeniazerbaycan.com/Sosial_e76053_az.html?fbclid=IwAR3SqX64lZkm217rz01BUnCkdxNJYyRz6UE2CoyMwk_tY5cijaKChcoSQBM

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi