Anım günü biologiya fənnini tədris edən Nisəxanım müəllimin təqdimatında

Ölkəmizin müharibə şəraitində olması hər birimizin hərbi hazırlıqlı olmasını zəruri edir. Orduda döyüş hazırlığı, silah-sursat ilə yanaşı, tibb xidməti də çox önəmlidir. Qələbə itkisiz əldə edilmir. Amma vaxtında göstərilən hər bir yardım itkini azaldır. Yaralanan birini tibb məntəqəsinə çatdırana qədər ona ilk tibbi yardım göstərməyi bacarmaq lazımdır. Vaxtında və düzgün göstərilmiş ilk yardım bir çoxlarının həyatını xilas edə bilər və bu, hər kəsin insanlıq vəzifəsidir. 
  1-ci  və 2-ci Qarabağ müharibələrində  igid oğullarımız hərbi qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirməklə yanaşı, eyni zamanda hərb meydanında yaralanmış yoldaşlarına tibbi yardım göstərərək çoxlarının həyatını qurtardılar. 
Təəssüf ki, şəhidlərimiz də oldu. Təcavüzkar düşmənə qarşı mübarizədə torpaqlarımız uğurunda  canlarını fəda edənlər ən böyük  ehtirama layiqdirlər. İgid oğullarımız canları və qanları bahasına torpaqlarımızı aldılar.

30 il torpaqlarımız düşmən tapdağı altında oldu. Bu müddət ərzində erməni işğalçıları tək xalqımıza qarşı deyil, təbiətimizə qarşı da böyük terrorçuluq siyasəti həyata keçirdi. 30 il ərzində Qarabağ və ətrafındakı 7 rayonun torpağı, suyu, atmosferi məhv edilib, Azərbaycanın təbiətinə ciddi ziyan dəyib. Bu ərazilərdəki flora və fauna məhv edilib, ekoloji tarazlıq pozulub. İşğal zamanı zəngin meşələr məqsədli şəkildə qırılıb, nadir ağac və bitki növləri məhv edilib, vəhşi heyvanlara belə rəhm edilməyib. "Qırmızı kitab"a düşən 130-a dək flora və fauna növündən isə heç bir məlumat yoxdur. Ermənistan qəsdən yanğınlar törətməklə,  istifadəsi qadağan olunmuş zəhərli ağ fosfor bombalarından istifadə  etməklə meşələrə sağalmaz yara vurub. Nəticədə yaşıllıq zənginliyinə öyrəşmiş quşlar, heyvanlar bu yerlərdən perik düşüb. Qarabağ ərazisində yerləşən ən əhəmiyyətli qoruq və yasaqlıqlar da erməni faşizminin qurbanı olub. Nəticədə "Qırmızı kitab"a düşmüş bir çox bitki və heyvanlar, beynəlxalq statusla mühafizə olunan qiymətli nadir canlılar nəsli kəsilmək təhlükəsinə məruz qalıblar.
 Düşmən, həmçinin, işğal zamanı bu ərazilərdəki ekoloji əhəmiyyətə malik göllərin, çayların tükənməsinə və çirklənməsinə səbəb olub, bu da həmin sularda yaşayan canlı aləm üçün böyük təhlükə yaradıb.
Hesablamalara görə işğal dövrü ərzində təbiətə 245 milyard ziyan dəyib.
Təcavüzkar Ermənistan tərəfindən ətraf mühitə qəsdən zərər verilməsi təbiətə qarşı ən ağır cinayətdir. 44 günlük müharibədə məğlub olan Ermənistan həm də bu hərəkətinə görə beynəlxalq qanunlar qarşısında cavab verməlidir.

44 günlük müharibənin qələbə ilə başa çatması torpaqların işğaldan azad edilməsi ilə yanaşı mənfur düşmənin ərazilərimizdə apardığı ekoloji terror aktlarına da son qoydu. İşğaldan azad edilən torpaqlarımızda aparılan quruculuq işləri sırasında Qarabağın flora və faunası da gündəmdədir. Həmin regionda ekoloji vəziyyəti yenidən bərpa etmək üçün mühüm addımlar atılır. Minalardan təmizlənən ərazilərdə müxtəlif növ ağacların toxumları səpilir. Parklar, qoruqlar bərpa olunur. Çirkləndirilmiş çaylar, göllər durulur. Təbiətimiz daha rahat nəfəs alır. 
Qarabağımızın yaraları tədricən sağalacaq. Qarabağ öz tarixi simasını bərpa edəcək, dirçəlib parlayacaq.
Qarabağ öz ecazkar gözəlliyi ilə təbiətin bizə əmanətidir. Bu əmanətə sahib çıxmaq, onu qorumaq hər birimizin borcudur. 
VƏTƏNPƏRVƏRLİK,  həm də Vətənin təbiətini qorumaq, ona sahib çıxmaq, gələcək nəsillərə ötürməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi