Anım günü Azərbaycan dili və ədəbiyyat fənn müəllimin təqdimatında

Məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Səbinə İmanovanın çıxışı: 

"Sən iki hecalı bir  sözsən Vətən
Sətirdən - sətirə keçirilmisən.
Bu misralar 60-cı illərə aiddir. Şair bunu yazanda bir çox tarixi torpaqlarımız işğal altında olub, lakin ən böyük dərdimiz Cənubi Azərbaycanı bilirdik. Amma betərindən betəri oldu, ondan da böyük yaramız açıldı. Üstəlik 30 il də Qarabağa həsrət qaldıq. Qarabağı itirəndən sonra nəinki Vətənin ikiyə bölündüyünü, hər hərfinin bir parça olduğunu gördük. Qarabağın qürbətdəki əsir qızı, qəriblikdə ömür sürən, min naz - nemət içində bəslənsə də, qəlbi yurd acısı ilə göynəyən şairə Ağabəyim ağanın nisgil dolu
Əziziyəm, Qarabağ
Şəki, Şirvan, Qarabağ
Tehran cənnətə dönsə
Yaddan çıxmaz Qarabağ bayatısı ilə böyüdüyümüz illərdə xan qızı Natəvanın güllədən deşik - deşik olmuş heykəli dərdimizin üstünə dərd gətirdi. Dahi Üzeyirin, Bülbülün, Natəvanın heykəlinə açılan atəş birbaşa ürəyimizin başına tuşlanmışdı. İl üstünə il gəldikcə yaramız daha da dərinləşirdi.Amma heç vaxt ümidimizi üzmədik. Azərbaycan dili, ədəbiyyat dərslərində  rast gəldiyimiz mətnlər, oxuduğumuz əsərlər keçmişimizi, acımızı unutdurmasa da,  gələcəyə inamla baxırdıq. Axır ki güclü ordumuz, cəsarətli prezidentimiz sayəsində bütün arzularımız gerçək oldu.Nəinki insanların,  şəhid heykəllərin də öz yurduna-tarixi məkanına  qayıdışı ürəyimizə su səpdi. Bir müəllim, vətəndaş kimi ordumla, yurdumla qürur duydum. Dərhal əlimə bir qələm, bir kağız alıb Qarabağın nərmə nazik bayatısı, sevdası vətən olanıma- Ağabəyimə məktub yazdım. Yazdım ki, siz gedəli nələr oldu bir bilsəniz.Qara yellər əsdi, qara bulud topasından qara yağışlar yağdı, iki gözümüz bir çeşmə oldu. Qarabağın qara bəxti 30 il qara şal bağladı başına. Vətən bağının al əlvan gülləri saralıb soldu,düşmən tapdağında qaldı. Amma ruhunuz duaçı oldu. Qaragözlü, şirbiləkli igidlərimiz sənin   bağrı yarılmış Qarabağını xilas etdilər, qara kafirləri məhv etdilər. Barıt qoxusu yox olsun deyə tüfənginə sevda çiçəyini - XARIBÜLBÜLÜ taxdılar. Artıq qızlarımız gəlin köçəndə duvaqlarına XARIBÜLBÜLdən çələng hörürlər. Dünyaya təzəcə gələnin beşiyinə XARIBÜLBÜL taxırlar. Artıq vətən bağı da al əlvandır. Qələbəmizdən Natəvanın qəzəli, Üzeyirin nəğməsi coşdu. Artıq ruhunuz şad olsun.  Məktubu yazdığım ərəfədə Ali Baş Komandan İlham Əliyev və Birinci vitse prezident M. Əliyevanın M. P Vaqifin məqbərəsini, Natəvan bulağını, Bülbülün ev muzeyini ziyarət etməsi ikiqat qürur yaşatdı. Cənab prezidentin Vaqifin məqbərəsini 39 il sonra yenidən ziyarət etməsi böyük  tarixi əhəmiyyətə malikdir. Məhz 39 il əvvəl 1982 - ci ildə ulu öndərimiz H. Əliyevin təkidi və cəsarəti nəticəsində M. P. Vaqifin xatirəsinə ucaldılmış türbənin illər sonra ziyarəti nəinki Vaqifin, bütün Qarabağ dahilərinin, eləcə də ulu öndərin ruhunu şad etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi