Anım günü hərbi müəllimin təqdimatında

27 sentyabr 2020-ci il... Bu təqvim tarixindən bizi cox da böyük bir zaman kəsiyi ayırmır. Düz iki il öncə şanlı tariximizin daha bir səhifəsini yazdıq. Elə bir səhifə yazdıq ki, 30 ildir toplanmış dərdi-sər bu səhifədəkilər qarşısında əriyib yox oldu. Həmin günlərdə hər kəsin ürəyi qürur və vətənpərvərlik hissləri ilə coşub-daşırdı. Vətəninin müdafiəsi hərkəs əlindən gələni edir, hamı canını sipər etməyə hazır idi. Bunun isə bir adı var: vətənpərvərlik.
Vətənpərvərlik ictimai səciyyə daşıyan bir anlayışdır. Vətənpərvərlik tərbiyəsi şagirdlərin, yeniyetmə və gənclərin bir vətəndaş kimi formalaşmasında mühüm əhəmiyyətə malikdir. Məhz vətənpərvərlik tərbiyəsi sayəsində yetişənələr öz vətənini, vətəninin ləyaqətini qorumağı şərəf və namus məsələsi hesab edirlər. Bu gün parta arxasında oturan bir şagird düzgün tərbiyələndiyi halda sabah Vətəninin müdafiəsində ləyaqətlə dayanacaq, öz səngərini, postunu, Vətən sərhədlərini müqəddəs sanaraq layiqincə müdafiə edəcək. Sabahın yenilməz, məğrur əsgəri bu gün bizlərin qarşısında məktəbli olan şəxslərdir. Bu şəxsləri Vətən uğrunda qəhrəmanlıq göstərməyə sövq edən, torpaq yolunda  alınmaz bir qalaya cevirən yalnız  vətənpərvərlik hissi ola bilər. Bu məsələdə isə müəllimlərin rolu danılmazdır. Ulu öndər, mərhum H.Əliyevin dediyi kimi: “ Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olma hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.
Və iki il öncə baş verən hadisələr, Vətən müharibəsinin başlanması, müharibə zamanı xalqımızın bir yumruğa dönərək düşməni yerində oturdan ordumuzun ətrafında sıx birləşməsi bir daha nə qədər vətənpərvər olduğumuzun bariz nümunəsidir. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.  
Biz, bütövlükdə bir xalq olaraq, həmin günləri yaddaşımıza qanla yazdıq. Torpaqlarımızı geri alan  igid döyüşçülərimizi torpaq bizdən alsa da, onları daim xatırlayacağıq. Şanlı tariximiz, müzəffər Ali Baş Komandanımız, zəfər himni çalan ordumuz hər zaman bizim qürur mənbəyimiz olacaq.
Mən öz növbəmdə məktəbimizdə hərbi-vətənpərvərliyi təbliğ etməklə şagirdlərimiz də Vətənə məhəbbət hissini qüvvətləndirməyə çalışıram. Məqsədim odur ki, şagirdlər həqiqi vətənpərvərliyin məzmununu dərk etsinlər. Vətəni müdafiə etməyi, onun şərəfini qorumağı özləri üçün xalq, vətən qarşısında ali vəzifə hesab etsinlər. 
Müzəffər Ali Baş Komandanımızın bir çağırışına səs verən, Vətən yolunda canlarını fəda etmiş qəhrəman əsgər, gizir və\zabitlərimizin  həyatı, onların torpaq, Vətən, el-oba sevgisi şagirdlərimiz və ümumilikdə bütün xalqımız üçün məhək daşı olmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi