Yeni tədris ilimizə başladıq

Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə Himnin səslənməsi və Şəhidlərimizi 1 dəqiqəlik sükutla yad etməklə yeni tədris ilimizə başladıq.

Azərbaycan Respublikasının Əməkdar müəllimi, Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrətin çıxışı:

"3 gün öncə şəhid olmuş Vətən oğullarının, eləcə də Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş bütün şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edək.

Müqəddəs şəhidlərimizin məkanı cənnət olsun.

Əziz müəllimlər, əziz valideynlər, əziz şagirdlər. Növbəti tədris ilimizə başlayırıq.

Göründüyü kimi, əvvəlki illərdən fərqli olaraq təmtəraq çox deyil. Səbəb də təcavüzkar Ermənistanın yenidən Azərbaycan üzərinə hücuma keçməsidir.

Şəhidlər verdik, onların canı və qanı hesabına Vətən torpaqlarını düşmən təcavüzündən qoruduq. Görünür işğalçı Ermənistan 2020-ci ilin 44 günlük Vətən Savaşında başına endirilən dəmir yumruqdan yetərincə dərs almayıb. Ona görə də müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan Ordusunun qətiyyətini bir daha onlara nümayiş etdirməli oldu.

Şəhidlər verdik. Amma Vətən torpağını qoruduq.

Bizim hər bir şəhidimiz hər bir Azərbaycanlı üçün əzizdir. Ona görə də müzəffər Ali Baş Komandanın tapşırığı ilə o şəhidlərin qisası dərhal alındı. Öz havadarlarına güvənən Ermənistan bu savaşda yüzlərlə itki verərək geri çəkilməli oldu.

Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlər darmadağın edilib. Onlar Azərbaycanın təhlükəsizliyinə təhdid yaradırdı. Bu obyektləri bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazımdır.

Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək.

Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edildi. Ermənistanda yüzlərlə yaralı var. Ermənistanın bütün parametrlərə görə itkiləri Azərbaycandan qat-qat çoxdur.

Azərbaycan Ordusu Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha göstərdi. Son zamanlar Ermənistan ciddi cəhdlə revanşa, yeni hərbi əməliyyatlara, hücuma hazırlaşırdı. Həm Qarabağda, həm də sərhəddə təxribatların sayı artmışdı. Azərbaycan Ordusu məhz Ermənistanın ərazisində cəmi 7 saat davam edən unikal əməliyyat gerçəkləşdirməklə bütün bu planları alt-üst etdi. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz.

Əziz şagirdlər, həmişə yadda saxlayın ki, siz qalib xalqın övladlarısınız. Qalib xalqın övladı olanlar isə hər bir işdə bu ada layiq olmalıdırlar. İndi sizin əsas vəzifəniz dərslərinizi yaxşı oxumaq, qanı ilə, canı ilə bu Vətəni bizə əmanət etmiş şəhidlərin adına layiq olmaqdır.

Düşmən bizi ruhdan salmaq, sındırmaq istədi. Amma növbəti dəfə başına dəyən dəmir yumruqdan pərən-pərən düşdü. Düşmən nəinki bizi ruhdan sala bilmədi, əksinə, əzmkarlığımızı artırdı, daha mübariz olmağa sövq etdi.

Nə xoş bizə ki, Vətən üçün canından keçməyə hazır olan gənclərimiz var. Nə xoş bizə ki, Azərbaycanı dünyanın sayılıb seçilən qətiyyətli dövlətinə çevirmiş prezidentimiz İlham Əliyev var.

Vətən üçün, millət üçün, dövlət üçün şərəf və ləyaqətlə yeni tədris ilində yeni uğurlara imza atmaq diləklərimlə hamınıza hörmətlərimi izhar edirəm. Yeni tədris ilimiz uğurlu olsun.

Yaşasın Azərbaycan. Yaşasın onun müzəffər Ali Baş komandanı. Yaşasın hər an Vətənin keşiyində sayıqlıqla duran oğul və qızlarımız. Və zəngimiz!"

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi