"Şuşa ili"nə həsr olunmuş "Əfsanədən zəfərə" adlı tədbir
2022 ci ilin ölkəmizdə " Şuşa ili" elan edilməsi ilə əlaqədar Binəqədi rayonu, 3 nömrəli tam orta məktəbdə silsilə tədbirlər davam edir. Bu gün məktəbimizin biologiya müəllimi Məmmədova Nisəxanım və musiqi müəllimi Abdullayeva Zilfirənin birgə təşkilatçılığı ilə "Şuşa ili"nə həsr olunmuş "Əfsanədən zəfərə" adlı möhtəşəm tədbir keçirildi. Tədbirdə millət vəkili, professor Nizami Cəfərov, QHT sədri Nailə xanım İsmayılova, Şuşa İcra Hakimiyyətinin nümayəndəsi Ülviyyə Bağırova və digər qonaqlar iştirak etdi. Tədbirin əsas məqsədi Şuşanı şagirdlərə yaxından tanıtmaq və sevdirmək idi. Tədbir boyunca Şuşanın tarixi, təbiəti, mədəniyyəti, incəsənəti haqqında şagirdlər maraqlı çıxışlar etdi. Mahnılar və rəqslər ifa edildi. Şuşanın görkəmli şəxsiyyətləri şagirdlərin rolunda və ifasında təqdim olundu. "Vaqif" dramından səhnələşdirilmiş hissələr göstərildi. Şagirdlər bütün bunları ruhları ilə duydu, yaşadı. Bütün tədbir iştirakçıları böyük Zəfəri bir daha qürurla andı və yaşadı. Tədbirin sonunda millət vəkili, professor Nizami Cəfərov çox maraqlı çıxış edərək Şuşa barədə məlumatın zənginliyinə dəyər qatdı. Böyük qələbəmizdən, zəfərimizdən danışdı, Şuşa ilə bağlı məlumatlarını çatdırdı və tədbir haqqında xoş sözlərini bildirdi. QHT sədri Nailə xanım Şuşa ilə bağlı xatirələrindən danışarkən göz yaşlarını saxlaya bilmədi. Şuşaya səfəri zamanı keçirdiyi o hissləri şagirdlərimizə qürurla anlatdı. Qonaqlarımızın Şuşa haqqındakı çıxışlarını dinləmək bütün tədbir iştirakçılarına xoş təsir bağışladı. Sonda respublikanın əməkdar müəllimi məktəbin direktoru Almaz xanım Həsrət şagirdlərin çıxışları və ifaları barədə gözəl sözlər dedi, tədbirdə iştirak edən qonaqlara öz minnətdarlığını bildirdi.
Tədbirin sonunda "çiçək əkmə" aksiyası keçirildi. 44 günlük müharibənin şərəfinə 44 gül məktəbyanı sahəyə əkildi. Çiçəklərin əkilməsində bütün tədbir iştirakçıları, qonaqlar, müəllimlər və şagirdlər iştirak etdi. "Şuşa ili"n mübarək olsun Vətən!