"Qonaq şagird" 1-ci Qrant layihəsi davam edir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsi”ndə qalib olmuş “Qonaq-şagird” layihəsi çərçivəsində bölgə məktəblərinə yola düşəcək şagirdlərin valideynləri ilə Bakı şəhəri 299 saylı məktəb-liseydə görüş keçirilmişdir. Görüşdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev və “Aydınlığa doğru” İctimai Birliyinin əməkdaşları Könül İbrahimova və Aişə Nəbili də iştirak etmişlər. “Qonaq-şagird” layihəsi bölgə və şəhər məktəbləri arasında əlaqələri genişləndirmək, təcrübə mübadiləsi apararaq və qarşılıqlı əməkdaşlıq əsasında təhsilin keyfiyyətini daha da artırmaq, hansı məktəbdə təhsil almasından asılı olmayaraq, hər bir şagirdin bərabər təhsil mühiti ilə təmin olunmasına şərait yaratmaq məqsədi daşıyır. Bu məqsədlə bir neçə məktəb arasında iki həftə müddətində şagird mübadiləsi həyata keçiriləcək. Seçim turu artıq başa çatmış layihə Bakı şəhəri 299 saylı məktəb-liseyi, Beyləqan rayonu Namiq Abdullayev adına 1 saylı tam orta məktəbi və Goranboy rayonu Qızılhacılı qəsəbə Mahir Dosiyev adına 2 saylı tam orta məktəbi əhatə edir. Layihə çərçivəsində 8 şagird bölgələrdən Bakı məktəbinə, 8 şagird isə Bakıdan bölgə məktəblərinə mübadilə edilərək iki həftə orada təhsilini davam etdirəcək. Bu müddətdə layihə iştirakçıları olan şagirdlər və onların müəllimləri arasında aparılan rəy-sorğular eyni şagirdlərə fərqli müəllimlərin, eyni məktəblərə isə fərqli şagirdlərin gözü ilə baxmağa imkan yaradacaq. İki həftəlik təhsil müddətinin sonunda hər üç məktəbin pedaqoji kollektivlərinin nümayəndələri “Dəyirmi masa” arxasında problemləri müzakirə edəcəklər. Şagirdlərin təəssüratlarını əks etdirən dərgi də nəşr olunacaq. Hal-hazırda qonaq-şagirdlər məktəblərini dəyişməyə hazırdırlar. Mübadilə prosesi bu həftə içində həyata keçiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi