Şəhid adı verilən növbəti sinif

    Məktəbdə sinif otaqlarından birinə şəhid məzun Murad Məmmədovun adı verildi. Bunula bağlı olaraq keçirilən tədbirdə şəhidin ailə üzvləri, məktəbin müəllim və şagirdləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Məktəbin direktoru Məlahət Əliyeva tədbirdə çıxış edərək bildirib ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı Qələbə ölkəmizin tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqlar bu gün dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların göstərdikləri igidlik və şücaətin təbliği daim diqqət mərkəzində saxlanılır. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ən yüksək səviyyədə hörmət və ehtiram göstərilir, onların ailələri, eləcə də qazilərimiz dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Direktor qeyd edib ki, bir vaxtlar bu məktəbdə təhsil alan hərbi pilot, mayor Murad Məmmədov da Vətən müharibəsində əks-həmlə əməliyyatının ilk iştirakçılarından olub. Murad Məmmədovun adının təhsil aldığı məktəbdə sinif otağına verilməsi şəhidin xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da əhəmiyyətlidir.

        Tədbirdə Murad Məmmədovun həyatı və döyüş yolu barədə məlumat verilib. Bildirilib ki, Murad Məmmədov 1986-cı il yanvarın 2-də Qərbi Azərbaycanda dünyaya göz açıb. Bakıdakı 278 nömrəli məktəbdə orta təhsilini müvəffəqiyyətlə başa vuran Murad atasının yolunu davam etdirmək - hərbçi olmaq istəyib. Murad Məmmədov Vətən müharibəsində əks-həmlə əməliyyatının ilk iştirakçılarından olub. O, müharibədə ağır döyüş əməliyyatlarında fəal iştirak edib, düşmənin canlı qüvvə və texnikasının məhv olunmasında xüsusilə fərqlənib. Murad Məmmədov nümunəvi xidmətinə görə dəfələrlə fərqlənib, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 10 il qüsursuz xidmətə görə”, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)”, “Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)”, “Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” medalları ilə təltif edilib.

    Şəhid mayorun atası Yaşar Məmmədov və anası Mürvət Həsənova Muradın qısa, lakin şərəfli həyat yolundan danışıb, onun Vətən uğrunda canından keçməyə hər an hazır olduğunu bildiriblər. Qeyd edilib ki, Murad uşaqlıqda rəssam olmaq istəsə də, sonradan bu arzusunu hərbçi peşəsinə dəyişib və hərbçi olması ilə də daim qürur duyub. O, xidməti dövründə həmişə ən çətin tapşırıqların öhdəsindən uğurla gəlib.

Yaşar Məmmədov və Mürvət Həsənova bir vaxtlar Muradın təhsil aldığı bu məktəbdə onun xatirəsinin yaşadılmasına, eləcə də şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Sonra şəhid Murad Məmmədov haqqında videoçarx nümayiş etdirilib. Tədbirə məktəblilərin hazırladıqları və şəhidlərimizin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya ilə yekun vurulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi