Məzunumuzun təbriki

Salam, doğma məktəb!
Sənə bu məktubu çox uzaqlardan, okeanın o biri tayından-Amerika Birləşmiş Ştatlarının Texas ştatından yazıram. Nə az, nə çox, 23 il bundan öncə-1 Sentyabr 1997-ci ildə səninlə tanış olduq(əslində rəsmi şəkildə tanış olduq). Və o günlərdə inanmazdım ki, sənə bu məktubu bu qədər uzaqlardan yaza biləcəyəm. Amma bir şeyi dəqiq bilirdim. Məni həm Vətənimə, həm ailəmə, həm də cəmiyyətə xeyirli bir övlad kimi yetişdirəcəksən. Səninlə o qedər xatirəmiz var ki, üzərindən on illər də keçsə onları yad etməkdən və xatırlamaqdan bezməyəcəyəm. Hansı peşənin sahibi olursan ol, ilk təhsil aldığın yer qədər sənə əziz olanı nadir olur. Hara gedirsənsə get, orta təhsilini aldığın yer şəxsiyyət vəsiqən kimi seni ifadə edir sanki. 240№li məktəbin şəxsiyyət vəsiqəsin daşımaqdan qürur duyuram. Buraya gəldiyim zaman bir çox dostlarım, tanışlarım məndən ingilis dilini necə öyrəndiyimi, hansı vasitələrdən istifadə etdiyimi soruşurdular. Mən isə qürurla cavab verirdim. “Mən bütün bu dil biliklərimə orta məktəbdə təhsil alarkən yiyələnmişəm.” Təəccüblənirlər. Kinayə ilə yanaşanlar da olur. “Ola bilməz”,-deyənlər də. “Elə bir məktəbmi var?” deyə soruşurlarda. Mən yenə də eyni qürurla cavab verirəm: “Var və orası mənim məktəbimdir, Nəsimi rayonundakı 240№li orta məktəbim.”
Ən sevdiyim bayramda Vətənimdən, elimdən,ailəmdən çox uzaqda ikən ilk olaraq səni təbrik etmək istədim. Bahar bayramın mübarək, hörmətli, dəyərli Məktəb Direktorum, müəllimlərim, 240 heyəti. Bu gözəl bayramda baharın isti nəfəsi ilə qəlblərinizi daha da isitməyini, yeni mövsümün Sizlərə böyük bir enerji qataraq şagirdlərinizi bizim qədər, ən çox da məni sevdiyiniz qədər sevməyi və onlara bizə tədris etdiyiniz kimi həyatda doğru yollardan irəliləməyi öyrətməyinizi diləyirəm. “Əlaçı”lara həyatdakı zirvələrini hər zaman qoruyub, daha da irəliləmələrini, “zərbəçi”lərin “əlaçılığ”a doğru hədəflərini yüksəltmələrini, məktəbin hər zaman dəcəlliyi ilə seçilən və arxa partalarda gizlənən bir az tənbəl şagirdlərinə isə heç bir zaman ruhdan düşməməyi və “əlaçı”ları da keçə biləcəklərini söyləyin mənim yerimə. Ən əsası isə əmin əllərdə olduqlarını heç bir zaman unutmasınlar.
Elm yollarının sonsuz işığını bizlər üçün yandıran bir çox dəyərli müəllimimin bu həyatdan köçdüyünü bilib dərin bir hüzün yaşasam da, onların biliklərindən bir pay aldığım üçün çox xoşbəxtəm. Dəyərli məktəbim, məzarlarını ziyarət etdiyində mənim yerimə də məzarlarına bir gül qoyub, mənim yerimə də halallıq istə onlardan.
Bayramınız mübarək, əziz məktəbim.
Sonsuz sevgi və dərin hörmətlə,
Aygül Sadıqova