Təbrik edirik, Nərminə müəllimə!

Məktəbimiz 2017-2018-ci tədris ilindən “Rəqəmsal bacarıqlar” layihəsində (“İnformatika” fənninin tədrisinə dair pilot layihəsi) iştirak edir. İyunun 6-da layihənin birinci ilinin yekunu və əldə olunan nəticələrin müzakirəsi ilə əlaqədar cari tədris ilində layihə çərçivəsində tədris aparan pedaqoqlarla görüş keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin məsul əməkdaşları, “Alqoritmika” şirkətinin rəhbərliyi, məktəb direktorları ilə yanaşı cari tədris ilində Bakı şəhərində 45 məktəb üzrə 240 sinifdə 6500-ə yaxın V sinif şagirdinə informatika fənnini yeni formatda tədris edən 150-dən çox müəllim iştirak edib.
Təhsil nazirin müşaviri Həsən Həsənli, Təhsil İşçilərinin Peşəkar İnkişafi İnstitutunun direktor müavini, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov, “Alqoritmika” şirkətinin yaradıcısı və baş direktoru Andrey Lobanov tədbirdə çıxış edib. “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 2017-2018-ci tədris ilində pedagoji fəaliyyətində nümayiş etdirdiyi yüksək nəticələrə görə seçilmiş müəllimlər təşəkkürnamə ilə təltif edilib.
Seçilmiş 10 müəllim arasında məktəbimizin informatika müəllimi Nərminə Musayevanın da olması bizi çox sevindirdi və qürurlandırdı. Məktəbimizin kollektivi adından Nərminə müəlliməni təbrik edir və daha böyük uğurlar qazanmasını arzulayırıq!