240 №-Lİ MƏKTƏBİN DİREKTORU E.Ə.MƏMMƏDOVA “MƏKTƏB İDARƏETMƏSİ” MÖVZUSUNDA TƏLİM KURSLARINDA

Təhsil Nazirliyi, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin və Paris Sorbonna Universitetinin Abu Dabi kampusunun birgə əməkdaşlığı ilə Qubada “Məktəb idarəetməsi” mövzusunda təlim kursları keçirilmişdir. Təlimlər avqustun 31-dən sentyabrın 9-nadək davam etmişdir. Məktəb liderləri üçün təşkil edilən bu təlimlər artıq ikinci dəfədir Azərbaycanda təşkil edilir. Bu yay təşkil edilən “Məktəb idarəetməsi” adlı ikinci layihə çərçivəsində 40 məktəb direktoruna Azərbaycan Dövlət İqtisad Universitetinin Qubada yerləşən Tədris, İdman və İstirahət Kompleksində təlimlər keçirilmişdir. Təlimlər həmin universitetin professoru Florent Pratlong tərəfindən gün ərzində iki dəfə keçirilmişdir. Bu təlim proqramının əsas məqsədi məktəb direktorları üçün qabaqcıl təlim sistemi və effektiv məktəb idarəetməsi anlayışını tanıtmaq, məktəb rəhbərlərinin liderlik potensialını inkişaf etdirməkdir. Təlim zamanı liderlik, məktəb çərçivəsində şagird sağlamlığının qorunması, vaxtın idarəolunması, təqdimat bacarıqlarının inkişafı və digər mövzularda interaktiv oyunlar, sessiyalar təşkil olunmuşdur. Məktəbimizin direktoru Esmira Məmmədova da bu təlimlərdə iştirak etmişdir. Esmira xanım bu təlimlər sayəsində məktəb idarəetməsində müasir yanaşmanın tətbiqini öyrəndiyini, əldə etdiyi təcrübələrin də müsbət nəticələr verəcəyini, təlimlər zamanı, debatlarda hər kəsin öz təcrübəsindən bir şeylər bölüşməsini, öyrədilən yeni bacarıqları çox bəyəndiklərini deyir. Esmira xanım qeyd edir ki, təlimlərdə liderlik qabiliyyəti, valideyn-şagirdlərlə işləmək bacarığı kimi məsələlərlə bağlı öyrəndiklərini yeni tədris ilindən tətbiq etməyə başlayacaq.