RESPUBLİKA FƏNN OLİMPİADALARININ QALİBLƏRİ MÜKAFATLANDIRILIB

“Şagirdlərimizin bilik və bacarıqlarının inkişafı milli sərvətimizdir. Yaxın gələcəkdə olimpiada qalibi olan məktəblilər Azərbaycanın ən yaxşı kadrları olacaqlar".

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev iyulun 14-də keçirilən respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində səsləndirib.

Emin Əmrullayev olimpiadaların təşkil edildiyi ilk illərdə müsabiqələrə çox az sayda məktəblinin qatıldığını, lakin son dövrlərdə bu prosesin artıq olimpiada hərəkatına çevrildiyini bildirib.

Olimpiada qaliblərinin dünyanın nüfuzlu universitetlərinə qəbulunu müsabiqələrin uğuru kimi qiymətləndirən elm və təhsil naziri onların qəbul imtahanları göstəricilərinin yüksək olduğunu vurğulayıb.

Nazir çıxışının sonunda qalibləri və onların valideynlərini təbrik edib, şagirdlərə yeni nailiyyətlər arzulayıb.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, gənclər və idman naziri Fərid Qayıbov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları və digər qonaqlar iştirak ediblər.

Sevindirici haldır ki, məktəbimizin 2 şagirdi də Respublika Fənn Olimpiadalarının Final turunun qalibləri arasındadır. 11”A” sinif şagirdləri Məmmədova Səyyarə Vüsal qızı tarix fənnindən gümüş medalın, Əlizadə Nihad Vüqar oğlu riyaziyyat fənnindən bürünc medalın sahibləridir. İstedadlı şagirdlərimizi, onların qələbəsində böyük rolu olan müəllimlərimizi ürəkdən təbrik edirik. Sizinlə qürur duyuruq, əziz balalar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi