Qəhrəmanlıq bir tarixdir.

    Qəhrəman olmurlar, qəhrəman doğulurlar. Həqiqətən də, hər bir insanda vətənpərvərlik hissi anadangəlmə olur və bu hiss qəhrəmanlığın əsasını qoyan amildir. Sanki bu hiss ana bətnindən qanımıza hopur. Vətənpərvərlik həmçinin ana laylalarıyla başlayır.

      Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar.

     Vətənin dar günündə torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edən igid oğullarımızın sırasında Bakı şəhəri 240 nömrəli tam orta məktəbin məzunları da var. Vətənə sevgi və düşmənə nifrət hissi onları "Dəmir yumruq" adlı döyüş əməliyyatlarının qəhrəmanlarından etdi. Bu döyüşlərdə Əliyev Nicat Elşən oğlu, İbrahimli Ayxan İlham oğlu, Quliyev Elvin Rövşən oğlu, İbrahimzadə Rza Əziz oğlu, Cuvarov Elçin Təbriz oğlu, Kərimov Eldar İlqar oğlu hələ də öz əsgəri borclarını yerinə yetirirlər. Kərimov Sabir İlqar oğlu isə sağlamlığını itirdi. Dmitriy Solntsev, Eyyubov Tural Yadulla oğlu, Qasımlı Mirhəmid Nazim oğlu, Mikayılzadə Rəşad İlham oğlu qəhrəmancasına şəhid oldu.

     Rəşadın ilk müəllimi Mehriban Qulamovanın qürurverici təəssüratları...  Hər bir şagird müəllimin xatirində hər hansı bir xüsusiyyəti ilə yadda qalır.   Sakit təbiəti ilə, səmimi rəftarı ilə, məsuliyyəti ilə qəlbimdə xüsusi yer tutan qəhrəmanım haqqında danışıram. Kiçik olsa da, düşündürücü baxışları ilə sənə nəyisə çatdıran bu qəhrəmanımda Vətənə məhəbbət hissi çox güclü idi. Seçilən və sevilən şagirdim Rəşad İlham oğlu Mikayılzadə...

      1995-ci il 30 sentyabr tarixində Bakı şəhərində dünyaya göz açıb. Evin tək övladı idi. 2002-ci ildə 240 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub. Dərs əlaçısı idi. Əldə etdiyi müvəffəqiyyətlərə görə hər il şərəf lövhəsində şəkli yerləşdirilib. Təşkil olunan bütün tədbirlərdə Rəşad hər zaman  fəal iştirakı ilə seçilib. Keçirdiyim tədbirlərdə məktəbimizin direktoru Esmira Məmmədova da iştirak edirdi. Tədbir haqqında söylədiyi yekun fikirlərə əsasən, qeyd edə bilərəm ki, Rəşadın digər yoldaşları ilə birgə olduqca təsirli və vətənpərvər çıxışlarını xüsusilə qeyd edirdi. Digər fənn müəllimləri də Rəşad haqqında həmişə müsbət fikir söyləyirdilər. Daha sonra yaşayış yerini dəyişdiklərinə görə təhsilinin qalan hissəsini 311 nömrəli tam orta məktəbdə davam etdirib. 2013-cü ildə məzun olub. Həmin il Sumqayıt Dövlət Universitetinin maliyyə uçotu ixtisasına qəbul olub. 2015-ci ildə ilk Avropa Oyunlarında iştirak etdiyinə görə təşəkkürnamə alıb. 2017-ci ildə ali təhsilini başa vurub. 2019-cu ildə Qazaxın 707 saylı hərbi hissəsində xidmətə başlayıb. Hərbi xidmətdə olarkən Fəxri Fərmanla təltif olunub. Vətən müharibəsi başlayan gündən döyüşlərdə fəal iştirak edib. Qələbənin bir addımlığında Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İkinci Fəxri xiyabanda dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən   Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək  vəzifə borcunu şərəflə yerinə yetirən Mikayılzadə Rəşad llham oğlu   “Vətən uğrunda” və "Döyüşdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

     Kiçik yaşlarından Vətənə olan sevgini əbədiləşdirərək torpaqlarımızın azadlığı uğrunda tarix yazanlar sırasında iz qoyanlardan biri də sən oldun. Sənin kimi bir igidin  müəllimi olmaq böyük şərəfdir. Bir müəllimin şagirdini itirməsi, bir ananın övladını itirməsi hislərinə bərabərdir.

    Doğrudur, zaman keçsə də sən mənim xatirimdə şirin və həssas duyğularla yaşayacaqsan. Ruhun şad olsun, böyük qələbədə payı olan nur üzlü Rəşadım!.. Bu notları qeyd etmək asan olmasa da ən ali məqamdır. Səninlə qürur duyuram, şəhidim, fəxrim, Rəşad Mikayılzadə!

    Torpaq-uğrunda ölən varsa, Vətəndir! Şəhidlər ölməz, Vətən bölünməz! Allah bütün şəhidlərə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi