Paytaxt təhsili 2022-2023-cü tədris ilində
2022-2023-cü tədris ilində təhsil sahəsində müasir dövrün çağırışlarına uyğun inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə məqsədyönlü fəaliyyət həyata keçirilib.
Qarşıya qoyulmuş əsas hədəflər “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da nəzərdə tutulduğu kimi, ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiq olunması, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması, təhsilalanlara rəqəmsal biliklərin aşılanması və digər müvafiq istiqamətlərdə tədbirlərin reallaşdırılmasından ibarətdir.
Ümumi statistika
BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 336 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
BŞTİ-nin tabeliyindəki məktəblərdə 482 132 şagirdin təlim-tərbiyəsi ilə 28 410 müəllim məşğul olub.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 45 108, IX siniflərini 40 016, XI siniflərini 26 453, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər bitirib.
22 902 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub
BŞTİ-nin tabeliyindəki 282 ümumi təhsil müəssisəsində 976 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarına 22 902 uşaq cəlb olunub.
27 Alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərir
Ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 27 Alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərir.
Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə paytaxtın 12 rayonu üzrə yaradılmış Alternativ qeydiyyat mərkəzləri, eləcə də 3 “Whatsapp” nömrəsi vasitəsilə zəruri köməklik göstərilir.
48 208 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2022-2023-cü tədris ilində 48 208 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb.
Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.
72 paytaxt məktəblisi olimpiadada qalib olub
2022-2023-cü tədris ilində keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən 72 paytaxt məktəblisi qalib olub.
Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 13 nəfər qızıl, 18 nəfər gümüş, 41 nəfər bürünc medal qazanıb.
Respublika fənn müsabiqələrində 29 şagird qalib olub
2022-2023-cü tədris ilində keçirilən fənn müsabiqələrində BŞTİ-nin tabeliyindəki məktəblərdə təhsil alan 29 şagird qızıl, gümüş və bürünc medal qazanıb. Onlardan 8 nəfəri riyaziyyat, 3 nəfəri fizika, 7 nəfəri biologiya, 1 nəfəri kimya, 10 nəfəri isə informatika fənni üzrə fərqlənənlər sırasında yer alıb.
155 “Sağlam təhsil” sinfi təşkil edilib
Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin davamlılığı təmin edilib.
Layihə çərçivəsində paytaxtdakı 19 ümumi təhsil müəssisəsində 108 “Sağlam təhsil” sinfi fəaliyyət göstərib. Həmçinin Bakıdakı 31 məktəbdə 47 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu da təşkil olunub.
Tədris ilinin ilk dərsləri
2022-2023-cü tədris ilində ilk dərslər I-XI siniflərdə “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Təhsil infrastrukturu dövlətin diqqət mərkəzindədir
Təhsil infrastrukturunun yenilənməsi daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə görülən məqsədyönlü işlər ardıcıl xarakter daşıyır.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli tam orta məktəbin açılışında iştirak edib.
Həmçinin ölkə Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 nömrəli tam orta məktəbdə və Suraxanı rayonunda yeni inşa edilmiş 87 nömrəli məktəb kompleksində yaradılan şəraitlə tanış olub.
33 nəfər təhsil işçisi təltif edilib
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 33 nəfər təhsil işçisi təltif edilib. Belə ki, Ölkə Prezidentinin sərəncamlarına əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 3 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, 2 nəfər isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Həmçinin elm və təhsil nazirinin əmri ilə gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə, Bakı məktəblərində fəaliyyət göstərən 11 nəfər “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 17 nəfər “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.
Təhsil işçiləri BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılıb
BŞTİ-nin tabeliyindəki məktəblərdə çalışan təhsil işçiləri təltif edilib.
Belə ki, 35 nəfər uzun müddətli fəaliyyətinə görə çalışmanın yaş həddinə çatan, əmək müqaviləsinə xitam verilmiş məktəb rəhbərlərinə və 2022-ci ildə səmərəli fəaliyyəti ilə fərqlənən məktəb direktorlarına və 6 təhsil işçisinə BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olunub.
30 məktəbin İnkişaf Planı hazırlanıb
Tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən 30 məktəbin İnkişaf Planı hazırlanıb.
Məktəb heyəti ilə birgə Məktəbin İnkişaf Planının hazırlanmasının əsas məqsədi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inspeksiya nəticələrinə əsasən aşkarlanmış çatışmazlıqların aradan qaldırılmasından ibarətdir.
16 mindən çox şagird təmayül sinifdə təhsil alıb
Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. BŞTİ-nin tabeliyindəki 185 məktəbdə təşkil edilən 768 təmayül sinifdə 16 014 şagird təhsil alıb.
Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.
100-dən çox şagird inklüziv təhsilə cəlb edilib
Bakı şəhəri üzrə 9 ümumi təhsil müəssisəsində 129 şagird inklüziv təhsilə cəlb edilib.
İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.
484 şagird fərdi təhsil alıb
Tədris ili ərində paytaxt üzrə 121 şagird fərdi təhsilə cəlb olunub.
Qeyd edək ki, ümumilikdə BŞTİ-nin tabeliyindəki 176 təhsil müəssisəsində 484 şagird fərdi təhsil alıb.
Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.
İşə qəbul üzrə 2 624 vakansiya təqdim olunub
2022-2023-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2 624 vakansiya təqdim olunub.
2 184 nəfər işə qəbul olunub
Müsabiqələr nəticəsində 2 184 nəfər işə qəbul olunub.
Bunlardan:
804 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;
1 148 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;
232 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.
Həmçinin cari tədris ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 384 ixtisaslı kadr dəvət edilib.
Şagird sayı 500-dək olan 3 təhsil müəssisəsinə direktor təyin edilib
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələri üzrə direktor vəzifəsinə işə qəbul üçün 2 dəfə müsabiqə keçirilib. Müsabiqə nəticəsində 3 təhsil müəssisəsinə (50, 206 və 231 nömrəli məktəblər) direktor təyin olunub.
85 nəfər direktor müavini vəzifəsinə təyin edilib
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2022-2023-cü tədris ilində müvafiq imtahan və müsahibə prosesində uğur qazanmış 85 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
18 nəfər təşkilatçı vəzifəsinə təyin edilib
2022-2023-cü tədris ilində müvafiq imtahan və müsahibə prosesində uğur qazanmış 18 nəfər BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin edilib.
362 nəfər müxtəlif vəzifələrə işə qəbul hüququ qazanıb
2022-2023-cü dərs ilində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqələr keçirilib.
Müsabiqələrdən müvəffəqiyyətlə keçən 114 nəfər psixoloq, 143 nəfər laborant, 44 nəfər kitabxanaçı, 17 nəfər kitabxana müdiri, 23 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 21 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri (ümumilikdə 362 nəfər) işə qəbul hüququ qazanıb.
Məktəb idarəçiliyi
2022-2023-cü tədris ili ərzində BŞTİ-nin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib.
Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə 41 nəfər direktor vəzifəsinə təyin olunub, 24 direktorun iş yeri dəyişdirilib.
149 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.
Çalışmanın yaş həddinə çatmış 33 direktorla müddətli əmək müqaviləsi bağlanıb.
Ümumilikdə 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilib.
3 məktəbin direktoru vəzifəsi TDM-in metodistlərinə həvalə edilib
BŞTİ-nin tabeliyindəki 3 ümumi təhsil müəssisəsinin direktoru vəzifəsi Təlimə Dəstək Mərkəzinin (TDM) metodistlərinə həvalə edilib.
Məktəb rəhbərliyi vəzifəsinin metodistlərə həvalə edilməsinin əsas məqsədi BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin idarəetməsinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi vermək və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə daha yaxından metodiki yardım göstərməkdən ibarətdir.
Orta aylıq əmək haqqı 909 manat təşkil edib
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2022-2023-cü tədris ilində 909 manat təşkil edib.
Paytaxtın 62 məktəbində yeni qaydalar tətbiq olunub
2022-2023-cü dərs ilində BŞTİ-nin tabeliyindəki 62 məktəbdə Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” tətbiq olunub.
Qeyd edilən təlimat və qaydalar hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb.
46 təhsil müəssisəsinin monitorinq nəticələri təhlil edilib
BŞTİ-nin tabeliyindəki 46 məktəbdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən aparılmış monitorinqlərin nəticələri təhlil edilib.
BŞTİ-nin Təlimə Dəstək Mərkəzi tərəfindən həyata keçirilmiş təhlillər öyrətmənin, qiymətləndirmənin, məktəbdə psixoloji xidmətin təşkilinin keyfiyyəti, xüsusi qayğıya ehtiyacı olan və xüsusi istedadlı uşaqlar üçün dəstəkləyici mühitin təşkili meyarları üzrə aparılıb.
Buraxılış fənləri üzrə monitorinq aparılıb
BŞTİ tərəfindən III, VI, VII, VIII siniflərdə bir dəfə və IX siniflərdə isə dörd dəfə olmaqla buraxılış fənləri üzrə monitorinqlər aparılıb. Monitorinq nəticələri təhsil müəssisələrinə həm bal, həm də məzmun təhlili olaraq təqdim olunub.
Buraxılış fənləri üzrə keçirilən monitorinqlərin əsas məqsədi proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.
Buraxılış siniflərinin nəticələri təhlil edilib
Paytaxtın ümumi təhsil müəssisələrinin IX siniflərində keçirilmiş buraxılış imtahanlarının keyfiyyət təhlilləri aparılıb. Təhlillərin nəticələri barədə məlumatların aidiyyatı üzrə ötürülməsi həyata keçirilib.
Keyfiyyət təhlillərinin əsas məqsədi buraxılış imtahanlarında şagirdlərin nailiyyətlərini müəyyən etmək, problemləri vaxtında aşkarlamaq və bununla bağlı dəstək proqramlarının həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Nümunəvi tədris planları hazırlanıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi tərəfindən bütün fənlər və bütün siniflər üzrə illik və cari planlaşdırma nümunələri hazırlanıb.
Nümunələr ümumi təhsil müəssisələrinə göndərilib.
Hesabat formaları təkmilləşdirilib
Təhsil müəssisələrinin elektron hesabat və təqdimat modeli təkmilləşdirilərək məktəblərə təqdim olunub.
Qeyd edək ki, hazırlanan formalar üzrə paytaxtın təhsil müəssisələrinin hesabatları yığılacaq və fəaliyyət planlarının hazırlanması ilə bağlı görüşlər təşkil olunacaqdır.
Model müəssisənin təhsil və digər ehtiyaclarının müəyyənləşdirilməsində, həmçinin illik və strateji planlaşdırmada baza rolunu oynayır.
Təhsilin keyfiyyəti mövzusunda sorğular hazırlanıb
Təhsil müəssisələrinin rəhbərliyinin, fənn müəllimlərinin, şagirdlərin və valideynlərin keyfiyyətli təhsillə bağlı məlumatlılığının müəyyənləşdirilməsi barədə sorğular hazırlanıb. Sorğular növbəti tədris ilindən 60 ümumi və 60 məktəbəqədər təhsil müəssisəsində elektron qaydada həyata keçiriləcək.
Sorğuların keçirilməsinin əsas məqsədi təhsilin keyfiyyətinin artırılmasına mane olan lokal problemləri aşkarlamaq və dəstək mexanizmlərini gücləndirməkdən ibarətdir.
Məktəblərdə müxtəlif təyinatlı monitorinqlər aparılıb
Tədris ili boyunca BŞTİ tərəfindən ümumi təhsil məktəblərində müxtəlif təyinatlı monitorinqlər aparılıb.
Belə ki, təhsil müəssisələrində psixoloji xidmətin effektivliyinin artırılması və şagirdlərin sağlam qidalanması ilə bağlı keçirilən monitorinqlər zamanı müvafiq tələblərə riayət edilməsi vəziyyətinin qiymətləndirilməsi aparılıb, profilaktik tədbirlərin həyata keçirilməsi üçün metodiki göstərişlər verilib və nəzarət tədbirlərinin gücləndirilməsi üçün zəruri addımlar atılıb.
44 917 nəfər IV sinif şagirdi monitorinqə cəlb olunub
Paytaxtda ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə keçirilən monitorinqlərə 44 917 nəfər cəlb olunub.
Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.
Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsindən ibarətdir.
BSQ materialları təhlil olunub
BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil müəssisəsi üzrə böyük summativ qiymətləndirmə (BSQ) tapşırıqları çətinlik səviyyəsi, şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi, məzmun xətləri və məzmun standartlarının uyğunluğuna görə təhlil olunub və müvafiq tövsiyələr hazırlanıb.
Bu çərçivədə summativ qiymətləndirmənin təşkili bazası üçün hazırlanmış forma təhsil müəssisələrinə təqdim edilib.
“Məktəblinin dostu” layihəsi
“Məktəblinin dostu” layihəsi BŞTİ-nin tabeliyindəki 178 ümumi təhsil müəssisəsini əhatə edir. 330 min şagirdi əhatə edən layihə üzrə hazırda 314 əməkdaş – “Məktəblinin dostu” çalışır.
2022-2023-cü tədris ili ərzində layihə çərçivəsində təhlükəsizlik, sağlamlıq, sosial-emosional mövzulara dair tədbirlər və xüsusi günlərə həsr olunmuş təlimlər həyata keçirilib.
Layihənin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir.
15 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərib
Paytaxtdakı 15 təhsil müəssisəsində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunub.
BŞTİ-nin tabeliyindəki 64, 97, 117, 120, 166, 179, 208, 213, 234, 265, 274, 293, 301, 302 və 321 nömrəli təhsil müəssisələrində fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsindən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.
Paytaxt üzrə qalib olan 69 layihənin icrası reallaşdırılıb
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində paytaxt üzrə qalib olan 69 layihənin icrası reallaşdırılıb. Qeyd edək ki, onlardan 24-ü ümumi təhsil müəssisələri, 45-i isə fərdi layihələr kateqoriyasına aiddir.
Həmçinin VII qrant müsabiqəsi ilə bağlı müvafiq hazırlıq işləri görülüb, təhsil işçiləri üçün təlimlər keçirilib. Yeni müsabiqəyə Bakı şəhəri üzrə 349 layihə qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlərin 56%-i birinci dəfə müraciət edənlərdir.
Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.
Təhsil İdarəsində 27 könüllü fəaliyyət göstərib
BŞTİ tərəfindən VII Könüllülük Proqramı həyata keçirilib.
VII Könüllülük Proqramına 100-dən çox gənc elektron qaydada ([email protected]) müraciət edib. Onlardan 70 nəfər müvafiq meyarlar əsasında müsahibəyə çağırılıb. Seçimlərin nəticələrinə uyğun olaraq, 27 nəfər BŞTİ–nin müvafiq struktur bölmələrinə könüllü kimi cəlb olunub.
Ali məktəblərlə birgə Startap Proqramı həyata keçirilib
BŞTİ tərəfindən ali məktəblərlə birgə Startap Proqramı həyata keçirilib.
Proqram çərçivəsində məktəblilərin innovativ təşəbbüslərinin dəstəklənməsi və yaradıcı ideyalarının reallaşdırılması üçün münbit şəraitin yaradılması məqsədilə Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbərlikləri ilə görüşlər keçirilib.
Paytaxtdakı 62 nömrəli məktəb-liseyin şagirdi Həsən Quliyev Startap Proqramının rəhbəri seçilib.
BŞTİ tərəfindən 12 layihə həyata keçirilib
BŞTİ tərəfindən 2022-2023-cü tədris ili ərzində təhsil müəssisələrində 12 layihə həyata keçirilib.
“Tarix yazan müəllimlər”, “Onlayn kitab klubu”, “Məktəbdə...”, “Yaşıl layihə: Təbiəti qoruyanlar”, “Ailəm və məktəbim”, “7-dən 17-yə vətənpərvər!”, “Peşəkarlıq yolunda”, “Biliyini paylaş”, “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi”, “Dəyərlərimizi qoruyaq!”, “Zərərli vərdişlərə birlikdə yox deyək” və “İdmansevərlər” adlı layihələrin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, istedadlı şagirdləri aşkara çıxarmaq, mütaliəyə marağı artırmaq, həmçinin paytaxt məktəblərinin fəaliyyətini daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri, eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Rəqəmsal bacarıqlar”, “eTwinning Plus”, STEAM layihələrində də fəal iştirak edib.
Həmçinin paytaxt məktəblərində Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə OCEP layihəsi (Olimpiya Mədəniyyəti və Təhsili Proqramı) həyata keçirilib. Layihəyə BŞTİ-nin tabeliyindəki 42 məktəb cəlb olunub.
BŞTİ tərəfindən 9 müsabiqə və olimpiada həyata keçirilib
BŞTİ tərəfindən paytaxtın təhsil müəssisələri arasında 9 müsabiqə və olimpiada təşkil edilib.
Paytaxt məktəbləri arasında keçirilən “Hekayəni paylaş”, “Yaradıcı müəllim: inkişaf edək, etdirək”, “Qarabağı tanıt” təqdimat müsabiqələri, “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsi, “Ən yaxşı məktəb saytı” müsabiqəsi, “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsi, həmçinin II Bakı Elm Olimpiadası, Ortaq Türk Dünyası Olimpiadası və “Zəfər” məktəblilərarası I tarix olimpiadasının əsas məqsədi şagirdlərin bilik səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün inkişaf etdirilməsi, həmçinin onlarda sağlam rəqabət hissinin formalaşdırılmasından ibarətdir.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri, eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Sabahın alimləri”, “Ən yaxşı təqdimat”, “Gənc iqlim çempionları 2023”, Lütfi Zadə adına məntiq olimpiadası, fənn müsabiqələri və fənn olimpiadalarında iştirak edərək qaliblər sırasında yer alıblar.
Şagirdlər tərəfindən 2 500-dən artıq mövzu tədqiq olunub
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən “Kiçik Akademiya”lara 10 000-dən artıq şagird cəlb olunub, 2 000-dən artıq tədbir keçirilib. Layihə çərçivəsində şagirdlər tərəfindən 2 500-dən artıq mövzu tədqiq olunub.
Həmçinin Bakı şəhərinin inzibati rayonları üzrə bütün məktəblərin iştirakı ilə Akademiyanın yarımillik hesabat konfransları keçirilib.
Qeyd edək ki, “Kiçik Akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.
Eksternat imtahanları – təhsil hamı üçün
Bakı şəhəri üzrə əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanlarına 1027 nəfər qatılıb. Onlardan 179 nəfəri uğur qazanıb.
Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Qeyd edək ki, eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olurlar.
Paytaxt məktəbliləri idman sahəsində 4 890 medal qazanıb
2022-2023-cü tədris ili ərzində paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 1 949 qızıl, 1 455 gümüş, 1 486 bürünc olmaqla, ümumilikdə 4 890 medal əldə ediblər.
Məktəb rəhbərliyi və pedaqoji heyət üçün maarifləndirici görüşlər keçirilib
2022-2023-cü tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri və pedaqoji heyəti, həmçinin məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün maarifləndirici və hesabat xarakterli görüşlər, təlim və seminarlar keçirilib.
Belə ki, təhsil işçiləri tədris ili ərzində “Məktəb hesabatları” çərçivəsində hesabat verib, metodiki seminar, təlim və görüşlər vasitəsilə maarifləndirilib.
15 000-dən çox müəllimi əhatə edən təlimlər keçirilib
BŞTİ tərəfindən 15 000-dən çox müəllimi əhatə edən təlimlər keçirilib.
Təlimlər fənlər üzrə elektron tədris resurslarının hazırlanması, müasir tədris modelləri, məktəbdaxili monitorinqlərin təşkili, şagirdlərin sosial emosional sağlamlığı və təhlükəsizliyi, istedadlı şagirdlərlə işin təşkili, sinfin idarə olunması, inklüziya mədəniyyəti, İKT vasitəsilə kommunikasiya, beynəlxalq öyrənmə platformalarından istifadə üzrə bacarıqların formalaşdırılması və digər mövzulara həsr olunub, həmçinin fənn müəllimlərini əhatə edən ixtisasartırma və metodikİ seminarlar baş tutub.
Eyni zamanda BŞTİ-nin Təlimə Təstək Mərkəzi tərəfindən ibtidai sinif müəllimləri üçün “Xoşbəxt müəllim”, kitabxana müdirləri üçün “Şagirdlərin mütaliəyə istiqamətləndirilməsi işində kitabxananın rolu” mövzusunda seminarlar, tarix və biologiya müəllimləri ilə görüşlər, inklüziv siniflərinin müəllimləri üçün ustad dərsləri təşkil edilib.
Təlimlərdə ümumilikdə 15 000-dən çox müəllim iştirak edib.
Müəllimlərin sertifikatlaşdırılma prosesi ilə bağlı görüşlər
Sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə görüşlər keçirilib.
Görüşlərdə müəllimlər sertifikatlaşdırma prosesi, imtahan və müsahibə mərhələsinin məzmunu, müəllimlər üçün əlavə dəstək tədbirləri, qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə məlumatlandırılıblar.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması, onların inkişafına nail olunması və təlim ehtiyaclarının müəyyənləşdirilməsindən ibarətdir.
Türkiyə nümayəndə heyəti təhsil müəssisələrində
Ankara, İstanbul, İzmir və Antalya Təhsil İdarələri rəhbərləri ölkəmizə səfər edib.
Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti ilə BŞTİ-nin rəhbərliyi arasında görüş keçirilib.
Türkiyəli qonaqlar, həmçinin Heydər Əliyev adına Müasir Təhsil Kompleksini, 20 nömrəli məktəb-liseyi, Bülbül adına Orta İxtisas Musiqi Məktəbini və 17 nömrəli uşaq bağçasını ziyarət edib, “STEAM” və “Rəqəmsal bacarıqlar” layihələrinin tətbiq olunduğu siniflərlə tanış olublar.
Təhsil işçiləri Türkiyədə təcrübə proqramında iştirak ediblər
Paytaxtın 30-dək təhsil işçisi Türkiyədə təcrübə proqramında iştirak edib.
Təcrübə proqramı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyinin tərəfdaşlığı ilə reallaşıb.
Təcrübə proqramının əsas məqsədi Türkiyə Cümhuriyyətində təhsilin yerli idarəetmə mexanizmləri, elektron idarəetmə işinin təşkili, təhsil müəssisələrində keyfiyyət monitorinqlərinin aparılma qaydaları, maliyyə və maddi resursların idarəedilməsinin daha dərindən öyrənilməsindən ibarət olub.
Uşaq müdafiəsinə dair qurumlararası əməkdaşlıq
BŞTİ və BMT-nin Uşaq Fondunun (YUNİSEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda konfrans keçirilib.
Qeyd edilən tədbirlərin əsas məqsədi uşaqların müdafiəsi istiqamətində əməkdaşlığı genişləndirmək, aidiyyəti qurumlarla mövcud vəziyyəti müzakirə etmək, qarşılıqlı əməkdaşlıq imkanlarına bir daha nəzər salmaq və daha səmərəli işçi platformasının yaradılmasına nail olmaqdan ibarətdir.
Koordinasiya Şurası yaradılıb
BŞTİ tərəfindən müvafiq dövlət qurumları ilə birlikdə Koordinasiya Şurası yaradılıb.
Qurumlararası əməkdaşlığa əsaslanan Koordinasiya Şurasının yaradılmasında əsas məqsəd müvafiq qurumların təhsilalanlara, təhsilverənlərə və təhsil prosesinin digər iştirakçılarına dair daxil olmuş məlumatların və müraciətlərin çevik mübadiləsini aparmaq, təxirəsalınmaz tədbirləri təmin etmək, uşaqların müdafiəsi istiqamətində fəal iştirak etmək və əməkdaşlığı daha da genişləndirməkdən ibarətdir.
Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib
BŞTİ və onun tabeliyindəki təhsil müəssisələri tərəfindən Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümünə və “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər təşkil olunub.
Belə ki, paytaxt məktəbliləri arasında festival, konfrans, simpozium, akademik seminar, olimpiada, bilik yarışları, müsabiqə və ağacəkmə aksiyaları keçirilib, həmçinin Ulu Öndərə həsr olunmuş kitab təqdimatları baş tutub.
Eyni zamanda İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev irsinin öyrədilməsi mövzusunda dərslər keçirilib.
“Şuşa İli” ilə bağlı silsilə tədbirlər keçirilib
Paytaxtdakı təhsil müəssisələrində “Şuşa İli” ilə bağlı silsilə tədbirlər, yazı və təqdimat müsabiqələri, festival və konfranslar keçirilib.
Qeyd edək ki, “Şuşa İli” ilə bağlı tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq və onların xatirəsini yad etməkdən ibarətdir.
Tarixi şəxsiyyətlərin yubileyləri qeyd olunub
Paytaxtın ümumi təhsil müəssisələri tərəfindən ölkə Prezidentinin sərəncamlarına əsasən, yubileyləri qeyd edilən ziyalıların və tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilib.
Paytaxt məktəbliləri üçün maarifləndirici təlimlər
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən şagirdlərin zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılması, sağlam həyat tərzinin formalaşdırılması, QİÇS, talassemiya ilə mübarizə, yol hərəkəti qaydaları, fövqəladə hallarda davranış, peşə seçimi, reproduktiv sağlamlıq və digər mövzularda sağlam həyat tərzini təbliğ edən maarifləndirici tədbirlər keçirilib.
Bakı məktəbliləri ilə maarifləndirmə tədbirləri
Paytaxtın ümumi təhsil müəssisələrində şagirdlər üçün maarifləndirici tədbirlər keçirilib.
Belə ki, tədris ili ərzində ümumi təhsil müəssisələrində gender bərabərliyi, qızların təhsili, insan hüquqları, İKT sahəsində savadlılığın artırılması, erkən nikahın və qohumlar arasında nikahın fəsadları mövzularında təlim və tədbirlər, həmçinin partlayıcı hərbi sursat və mina təhlükəsinə dair “Açıq dərs”lər keçirilib.
Paytaxt üzrə 172 məktəb Milli Qəhrəman və şəhid adını daşıyır
BŞTİ-nin tabeliyindəki 172 təhsil müəssisəsi Milli Qəhrəman və şəhid adını daşıyır.
Məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.
Paytaxt məktəblərində Anım Günü tədbirləri
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 27 Sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.
Belə ki, Vətən Müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilib, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub.
Həmçinin təhsil müəssisələrində Anım Gününə həsr olunmuş yaradıcılıq müsabiqələri (rəsm, inşa, şeir, mahnı, əl işləri, videoçarx, təqdimat), intellektual oyunlar keçirilib, şagirdlərin Vətən Müharibəsi Memorial Kompleksinə ekskursiyaları təşkil olunub.
Anım Günü ilə bağlı məktəblərdə Zəfər muzeyləri, lektoriyalar, şəhidlərin büst və barelyefləri açılıb, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.
Unudulmaz tarixlər
Ümumi təhsil müəssisələrində ilk dərs və məşğələlər müvafiq tarixlərdə 20 Yanvar hadisələri və Xocalı soyqırımının ildönümünə həsr edilib.
Təmir, tikinti, təchizat
2022-2023-cü tədris ilində BŞTİ-nin tabeliyindəki 96 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib.
Ehtiyac olan ərazilərdə 7 yeni məktəbin (Binəqədi qəsəbəsi, Binə, Binə Atçılıq və Qala yaşayış sahəsi, Kürdəxanı, Xocasən qəsəbəsi, Yeni Yasamal yaşayış massivi) tikintisi tamamlanıb.
Bundan əlavə, 1 məktəbdə (320) əsaslı təmir və bərpa gücləndirmə işləri, 2 məktəbdə (87, 263) köhnə korpusların sökülərək yenidən tikintisi, 1 məktəbdə isə (35) binanın sökülərək yenidən tikintisi həyata keçirilib.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 4 məktəbəqədər təhsil müəssisəsində (257, 277, 215, “Çiçək”) əsaslı təmir işləri aparılıb. Suraxanı rayonu, Hövsan qəsəbəsində 2 yeni məktəbəqədər təhsil müəssisəsinin binası tikilərək istifadəyə verilib.
Həmçinin hazırda 4 məktəbəqədər təhsil müəssisəsində (101, 99, 116, “A.Məmmədov” adına) təmir işləri aparılır, eyni zamanda 1 məktəbdə (313) əsaslı təmir işlərinə və əlavə korpusun tikintisinə başlanılıb.
Birgə fəaliyyət - 261 müqavilə imzalanıb
Təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlardan istifadə edilməklə, BŞTİ-nin tabeliyindəki məktəblərdə müxtəlif idman növləri, xarici dil, şahmat, musiqi, rəqs və digər kursların təşkili üçün 249 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb.
Həmçinin ali təhsil və orta ixtisas müəssisəsi tələbələrinin BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində pedaqoji təcrübə keçmələri ilə bağlı 151 ümumi təhsil müəssisəsini və məktəbəqədər təhsil müəssisəsini əhatə edən 12 ikitərəfli müqavilə imzalanıb.
123 mindən çox müraciət daxil olub
2022-2023-cü tədris ilində BŞTİ-yə 123 864 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.
Statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 75 368 zəng qəbul edilib.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən 1 446 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb.
Həmçinin Vətəndaşların Qəbulu Mərkəzində 22 784 vətəndaşın müraciəti cavablandırılıb.
24 266 sənəd (vətəndaşlar tərəfindən 6 552 ərizə, 5 585 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 2 782, digər qurumlardan 2 044, məktəblərdən 4 895 məktub və 2 408 kadr ərizəsi) qəbul olunub.
İctimaiyyətlə əlaqələr genişləndirilir
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində baş verən yeniliklər və İdarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması istiqamətində işlər 2022-2023-cü tədris ilində də müvafiq qaydada yerinə yetirilib.
BŞTİ-nin və təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı dolğun məlumatlar ictimaiyyətə təqdim olunub, media ilə səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədilə KİV-dən daxil olan sorğular cavablandırılıb.
Televiziya kanallarına və digər KİV-lərə reportajların hazırlanması üçün əlverişli şərait yaradılıb. Müvafiq hüquqi-normativ sənədlər ictimaiyyət üçün şərh edilib, İdarə rəhbərliyinin və əməkdaşlarının çıxışları və müsahibələri təşkil olunub.
Kütləvi informasiya vasitələri üçün BŞTİ-nin tədris və təqvim ili üzrə ümumi fəaliyyətini əks etdirən qısa hesabatlar hazırlanıb.
Həmçinin ictimai maraq doğuran şəxslərlə şagirdlərin görüşü təşkil olunub, paytaxt məktəblərinin uğurları və Vətən Müharibəsində iştirak etmiş müəllimlər barədə layihələr həyata keçirilib.