Sevgidən yoğrulmuş nağıl dünyası
25 noyabr 2016-cı il tarixdə məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyeva VII-X sinif şagirdləri ilə xalq şairi Nüsrət Kəsəmənlinin 70 illik yubileyi münasibətilə “Sevgidən yoğrulmuş nağıl dünyası” adlı ədəbi-bədii tədbir keçirmişdir. N.Kəsəmənlinin sevgidən yoğrulmuş nağıl dünyasına səyahətə çıxan şagirdlər şairin dillər əzbəri olan “Biri vardı, biri yox...”, “Daha nağıllara inanmıram mən”, “İstək” ( “Oğru olmaq istəyirəm...”), “Mənim o ağaca yazığım gəlir” kimi məşhur şeirləri ilə yanaşı, doğma yurda, vətənə məhəbbətdən qaynaqlanan “Azərbaycan torpağı” , “Cıdır düzü”, “Torpaq haqqında nəğmə” kimi şeirlərini də, qismətinə Füzuli, Vaqif kimi məhəbbət şairi olmaq düşən şairin ülvi məhəbbət hislərinin tərənnümünə həsr edilmiş “Sən demə, təzədən sevmək olarmış”, “Əllərin nə yaman soyuqdur, gülüm”, “Getmək istəyirsən” kimi şeirlərini də xüsusi məharətlə ifa etmişlər. Tədbirdə şairin şeirlərinə 150-dən çox mahnının bəstələndiyi vurğulanıb, tanınmış müğənnilərin ifasında “Biri vardı, biri yox...” , “Yarı məndə, yarı səndə” , “Yumul, bənövşə, yumul” , “Sən məni unuda bilməyəcəksən” , “Sevdirə bilmədim özümü sənə” , “Nə olur, Allahım, ayırma bizi” mahnıları səsləndirilmişdir. Tədbirin sonunda çıxış edənlər: məktəbin direktoru Ülvi Məmmədov, tərbiyə işləri üzrə direktor müavini Elmira Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Əzizə Məmmədova məhəbbətin və məhəbbətdən güc alan poeziyanın həmişəyaşarlığından söz açmış, bü adi iş həftəsinin belə gözəl bir poeziya axşamı ilə başa çatdığından zövq aldıqlarını vurğulamış, tədbir iştirakçılarına təşəkkürlərini bildirmişlər.