Bu gün məktəbimizin adını qürur və şərəflə daşıdığı şəhid məzunumuz Emin Əliyevin doğum günüdür
Bu gün məktəbimizin adını qürur və şərəflə daşıdığı şəhid məzunumuz Emin Əliyevin doğum günüdür.
Emin Rafiq oğlu Əliyev 10 mart 1974-cü ildə Bakının Buzovna qəsəbəsində dünyaya göz açıb. Xəzərin dəli dalğalarının qoynunda böyüyən Emin vətənə bağlı, haqsızlıqla barışmayan bir yeniyetmə kimi böyüyüb. Eminin döyüş yolu Ağdam, Ağdərə orta kənd, Papravənd, Sırxavənd, Manıklı kimi odlu – alovlu yollardan keçdi. Strateji əhəmiyyətli yüksəkliklərin alınmasında hünər göstərən yeddi döyüşçüdən biri də Emin Əliyev idi.
1993-cü ilin iyul ayında Ağdamın Qalayçılar kəndində güclü döyüşlər gedirdi. Qeyri-bərabər olan bu döyüşdə Emin dörd qəlpə yarası aldı. Bu onun son döyüşü oldu. Emin Əliyev 1993-cü il 10 iyul tarixində şəhidlik zirvəsinə ucaldı. 19 yaşlı gənc minlərlə məktəblilərə nümunə oldu.
Bakı Şəhəri Xalq Deputatları Sovetinin Rəyasət Heyətinin 4/33 saylı 15 aprel 1994-cü il tarixli qərarına əsasən, Vətənin azadlığı uğrunda şəhid olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə Xəzər rayonu Buzovna qəsəbəsi 234 nömrəli tam orta ümumtəhsil məktəbinə Emin Rafiq oğlu Əliyevin adı verildi. 1995-ci ildə isə şəhidin büstü məktəbin qarşısına qoyuldu. Ümumtəhsil məktəblərində təhsil alan, Vətənin azadlığı uğrunda canından keçib şəhid olanlar heç vaxt unudulmur.