"Ana dilim şirindir" adlı şeir müsabiqəsi
21 Fevral – Beynəlxalq Ana Dili Günü ilə əlaqədar məktəbimizdə Azərbaycan dili və ədəbiyyat metodbirləşməsi tərəfindən “Ana dilim şirindir” adlı şeir müsabiqəsi keçirilib. Tədbiri Azərbaycan dili və ədəbiyyat metodbirləşməsinin sədri əməkdar müəllim Kəmalə Əliyeva açaraq ana dilimizə məhəbbətdən qaynaqlanan bu tədbirin məqsədini açıqlayıb. VI-XI sinif şagirdlərinin iştirak etdiyi bu müsabiqədə mövzu seçimi müstəqil olduğu üçün şagirdlərimiz vətən, ana dili, bayraq, 44 günlük müharibədə şanlı zəfərimiz, təbiət, məhəbbət və s. mövzularda bir-birindən gözəl şeirlər ifa edərək münsiflər heyətini qalibi seçməkdə çətinlik qarşısında qoyublar. Şeirlərin bir çoxu 8a sinif şagirdi Əkbərov İsmayılın tar, 6a sinif şagirdi Kamallı Cahandarın saz ifası ilə müşayiət olunub. Sonda qaliblər belə müəyyənləşib:
Kamalova Gövhər – 10a – I yer
Əsədova Şəfiqə – 10p – II yer
Babazadə Xudu – 7b – III yer
Həsənzadə Dəniz – 8a – fərqləndiyinə görə
İmanova Arzu – 8b – fərqləndiyinə görə
Qaliblər fəxri fərmanla təltif olunublar. Bütün müsabiqə iştirakçıları isə iştiraklarına görə fəxri fərmanla təltif olunublar.
Məktəbin direktoru Könül Məmmədlinin təşəbbüsü ilə şagirdlərdən sonra müəllimlər də sevdikləri bir şeiri ifa edərək şagirdlərə örnək olublar.
Tədbir zamanı daha bir maraqlı təltifetmə olub. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məhbubə Kazımova 65 illik yubileyi münasibətilə təbrik olunub.
Sonda məktəbin direktoru Könül Məmmədli çıxış edərək tədbir təşkilatçılarına və ana dilimizin zənginliyini, şirinliyini əks etdirən gözəl bədii nümünələr seçərək onu gözəl bir şəkildə təqdim etdikləri üçün şagirdlərə təşəkkürünü bildirib.