Məktəb direktorları ilə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

2021-2022-ci tədris ilinin fəaliyyət istiqamətləri, 2021-ci ilin yekunları və yeni təqvim ilində qarşıda duran vəzifələrə həsr olunan görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

BŞTİ müdiri Mehriban Vəliyeva çıxışı zamanı həyata keçirilən islahatların Azərbaycan təhsilinə gətirdiyi yeni məzmunun tətbiqi, təhsil sistemində gedən modernləşmənin davam etdirilməsi, həmçinin ümumi təhsilin məqsədyönlü inkişafını nəzərdə tutan yeniliklər barədə fikirlərini bildirib.

İdarə müdiri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan etməklə milli-tarixi-mədəni və ictimai-siyasi yaddaşımızı təzələyir, gənc nəslə vətənpərvərlik, zəngin mədəni irsimizə bağlılıq hissi aşılayır, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq nümunəsi göstərir.

“Şuşa İli”nin təhsilimiz üçün yeniliklərlə əlamətdar il olacağına əminliyini ifadə edən M.Vəliyeva ümumi təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, xüsusilə də inteqrasiya meyillərinin getdikcə gücləndiyi indiki dövrdə uşaq və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsi ilə bağlı məktəbin qarşısında daha ciddi vəzifələrin durduğunun və onların reallaşdırılması üçün təsirli tədbirlərin görülməsinin vacibliyinə toxunub.

BŞTİ müdiri 2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritetlərdən danışıb.

Təhsil müəssisələrində epidemioloji qaydalara həssas yanaşılmasının vacibliyini qeyd edən M.Vəliyeva təhsilverənlərin və təhsilalanların sağlamlıqlarını qorumaları üçün gigiyena qaydalarına ciddi riayət olunmasının zəruriliyinə diqqət çəkib. İdarə müdiri Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən inspeksiyaların keçirilməsinin əhəmiyyəti barədə fikirlərini bildirib.

İdarə müdiri, həmçinin təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının, ümumi təhsil məktəblərinin idarəetmə sisteminin, məktəb-valideyn və müəllim-şagird münasibətlərinin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğunu məktəb direktorlarının diqqətinə çatdırıb, qarşıda duran vəzifələr barədə müvafiq tapşırıqlar verib.

BŞTİ müdiri tədrisin səmərəli təşkili, vətəndaş məmnunluğunun təmin olunması, keyfiyyətə nəzarət, qiymətləndirmə, informasiya mübadiləsi, olimpiadalara hazırlıq səviyyəsinin təşkili, ictimiyyətlə əlaqələr və digər məsələlərlə bağlı tövsiyələrini səsləndirib.

Görüşdə BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev fənn olimpiadalarına hazırlıq, təhsilalanların müstəqil öyrənmə bacarıqlarının inkişaf etdirilməsi, ibtidai siniflərdə şagirdlərin oxu, yazı və hesablama bacarıqlarının təhlili, fənn müəllimlərinin distant formada ixtisasartırma kurslarına cəlb olunması istiqamətində görülən işlərdən bəhs edib. Həmçinin şagirdlər arasında yaradıcılıq müsabiqələrinin keçirilməsi, “Zəfər tarixi” kursu üzrə monitorinqlərin aparılması, milli-mənəvi dəyərlərin formalaşdırılması üçün təhsil müəssisələrində işin təşkili və digər məsələlərə diqqət çəkib.

İdarənin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə çıxışında məktəblərdə aparılan operativ monitorinqlərin nəticələri və diaqnostik qiymətləndirmələrlə əlaqədar təqdimatla çıxış edib. Həmçinin sektor müdiri IX sinif buraxılış imtahanlarına hazırlıqla bağlı keçirilən monitorinqlərin nəticələri barədə fikirlərini bildirib.

Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təkliflər səsləndirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi