Şagirdlərin əl işlərindən ibarət sərgi-yarmarka təşkil olunub.
Şagirdlərin əl işlərindən ibarət sərgi-yarmarka təşkil olunub.
Peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin şagirdlərinin əl işlərindən ibarət sərgi-yarmarka keçirilib. Xəzər Rayonu İcra Hakimiyyətinin dəstəyi ilə
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunmuş sərgidə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Teymur Əhmədov, idarənin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, "Peşə təmayüllü siniflərin təşkili" layihəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Məktəbimizin direktoru Könül Məmmədlinin təşəbüsü ilə BŞTİ-nin tabeliyindəki 234, 120 və 117 nömrəli tam orta məktəblərin şagirdlərinin əl işlərindən təşkil olunmuş sərginin əsas məqsədi şagirdlərin əldə etdikləri ilkin peşə bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onlar arasında sağlam rəqabət hissi formalaşdırmaq, məktəbliləri əmək bazarına hazırlamaq, ətraf mühitə fəal inteqrasiyasını təmin etmək, həmçinin "Əsas səriştələr" fənnində öyrəndikləri "Peşə etikası və müştərilərə xidmət", "Sahibkarlıq", "Estetika və mədəni özünüifadə" kimi modulların reallaşdırılması və peşə təmayüllü siniflər arasında həmrəylik yaratmaqdır.
Öncə 234 nömrəli tam orta məktəbin direktoru Könül Məmmədli “Peşə təmayüllü siniflərin təşkili” layihəsi barədə ətraflı məlumat verib. Bildirib ki, peşə təmayüllü siniflər təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsində mühüm rol oynayır.
BŞTİ-nin müdir müavini Teymur Əhmədov belə sərgilərin təşkil olunmasının əhəmiyyətindən bəhs edib. Peşə təmayüllü siniflərin əsas missiyasından bəhs edən T.Əhmədov məktəblilərin müxtəlif peşələrə olan meyil və maraqlarının müəyyənləşdirilməsi, gələcəkdə peşə və ixtisas seçimində onlara köməklik göstərilməsi, həmçinin şagirdləri yaradıcı əməyə hazırlamaq və düzgün ixtisas seçiminə yönəltməklə bağlı valideynlərin məlumatlandırılması barədə tövsiyələrini səsləndirib.
"Peşə təmayüllü siniflərin təşkili" layihəsinin rəhbəri Xanım Şabanova layihə barədə məlumat verib. Qonaqlar peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin şagirdlərinin əl işlərindən ibarət sərgi-yarmarkanı yüksək qiymətləndiriblər.
Tədbir 234 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.
Daha sonra sərgiyə baxış keçirilib. Sərgidə 3 məktəb üzrə 100-dən çox əl işi nümayiş olunub.
Qeyd edək ki, yarmarkadan əldə olunan gəlir "YAŞAT" fonduna köçürələcək.