Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğuna səyahət
Bu gün Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva və ingilis dili müəllimi Əzizə Fərzəliyevanın təşkilatçılığı ilə “Yay məktəbi”nin şagirdləri 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılmış muzey kompleksinə ekskursiya ediblər. Müəllimlərin və bələdçilərin qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları, tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, tacir evi, toy evi və s. haqqında verdikləri məlumatlar uşaqların böyük marağına səbəb olub. Sonra burada fəaliyyət göstərən “Əntiq əşyalar muzeyi”ndə olan şagirdlər qədim məişət və bəzək əşyaları, silah və sikkələr, müxtəlif dekorativ-tətbiqi sənət inciləri ilə tanış olublar. Azərbaycan dilindən “tarixizm” kimi adlarını öyrəndikləri əşyaları görmək uşaqlar üçün çox maraqlı olub. “Tullantıdan incəsənətə” adlı muzeydəki eksponatlar müxtəlifliyi və qeyri-adiliyi ilə şagirdlərin diqqətini çəkib. Ekskursiyanın sonunda Qala qəsrinə çıxan “səyyahlar” Qala kəndini bir də yüksəklikdən izləyiblər.