Şəhid ailələrinə və qazilərə dövlət qayğısının bariz nümunəsi

Mərhəmət, xeyirxahlıq, qayğıkeşlik xalqımıza məxsus ən gözəl insani keyfiyyətlərdəndir. Bu il 880 illik yubileyini qeyd etdiyimiz dahi Nizami Gəncəvi:  

Xidmət etmək sayılır kişilikdən nişana,
Xalqına xidmət etmək bir şərəfdir insana, -  deməklə hər bir insanı vətəninə, xalqına xidmət etməyə çağırmışdır. Bu keyfiyyətlər dövlət səviyyəsində təcəssümünü tapanda hər bir vətənpərvər vətəndaşın ürəyi  qürurla dolur.
  Bildiyimiz kimi, 2020-ci il sentyabrın 27-də başlanan və 44 günlük davam edən Vətən müharibəsi Azərbaycan xalqının erməni faşizmi üzərində tam və qəti qələbəsi ilə başa çatdı. Lakin bu müharibə bizə böyük qələbə sevinci yaşatmaqla bərabər, böyük itkilər də verdi. Bu haqq savaşında şəhidlərimiz və qazilərimiz var.
  Hələ 2016-ci ildə “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”, - deyərək öz məqsəd və məramını bəyan edən möhtərəm prezidentimiz bütün fəaliyyəti dövründə  şəhid ailələrinə və qazilərə xüsusi diqqəti ilə seçilmişdir. 
   Bu il fevral ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirakı bu böyük diqqətin bariz nümunəsi idi. Kompleksdə yaradılan şəraitlə tanış olan prezidentə məlumat verildi ki, bu kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlət başçımızın bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzillə, fərdi evlə təmin ediləcək. 
Buradakı çıxışı zamanı möhtərəm prezidentimiz belə demişdir: “Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Mənim bu sahədəki siyasətim birmənalıdır”. Sonra o,  son 17 il ərzində şəhid ailələri ilə müxtəlif tədbirlərdə dəfələrlə görüşdüyünü, bu günə qədər 9200-ə yaxın şəhid ailəsi və  müharibə əlilinin dövlət tərəfindən mənzillərlə təmin edildiyini, təkcə keçən il bu kateqoriyadan olan insanlara 1572 mənzil verildiyini, bu il isə 3 minə yaxın mənzil veriləcəyini qeyd edərək yaxın gələcəkdə bu proqramın  tam icra olunacağına əminliyini bildirmişdir. Dövlət başçımız  qeyd etmişdir ki, Birinci Qarabağ müharibəsində 12 mindən çox şəhidimiz olmuşdur və 4 minə yaxın hərbçimiz itkin düşmüşdür, təqribən 16 min itkimiz olmuşdur və torpaqlarımız işğal altına düşmüşdür . İkinci Qarabağ müharibəsində isə mülki vətəndaşlar da daxil olmaqla 3 minə yaxın şəhidimiz olmuşdur və torpaqlarımız işğaldan azad edilmişdir. Möhtərəm prezidentimiz bir daha vurğulamışdır ki, şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir. Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdən birindədir. Bu qayğı həm Birinci, həm İkinci Qarabağ müharibəsinin qazilərinə və  şəhid olmuş insanların ailələrinə aiddir. 7200-ə yaxın müharibə əlilinə minik avtomaşını verilib. Ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən lazımi köməklik göstəriləcək.  Əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində qazilərə nümunəvi tibbi yardım göstəriləcəkdir. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilmişdir. Ayaqlarını itirdikləri üçün  bu protezlərlə təmin edilmiş qazilərimizin bir neçəsi  artıq normal həyata dönə biliblər;  300-dən çox qazimiz də yaxın gələcəkdə bu protezlərlə təmin ediləcək. 
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu çıxışı ilə bir daha göstərdi ki, Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir. Şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin daim diqqət mərkəzindədir. 

Məmmədli Könül Yusif qızı
E.Əliyev adına 234 № –li tam orta məktəbin direktoru

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi