2020-ci ildə qazandığımız nailiyyətlər
2020-ci il məktəbimiz üçün bir çox nailiyyətlərlə yadda qalıb. 2019-2020-ci dərs ilində 9-cu siniflərin buraxılış imtahanının nəticələrinə əsasən reytinq cədvəlində Xəzər rayonunun 30 məktəbi arasında 1-ci yerdə olmuşuq, Bakı məktəbləri üzrə isə 14 pillə irəliləmişik. 1nəfər şagirdimiz- Amil Abbasov ümumi orta təhsil səviyyəsini fərqlənmə attestatı ilə bitirib.
11-ci sinif məzunlarımız ölkənin müxtəlif ali məktəblərinə daxil olublar. 2019-2020-ci tədris ilində Xəzər rayonuna təhsildə xüsusi nailiyyətlərinə görə yeganə gümüş nişanı məhz bizim məzunumuz-Sevinc Müslümova gətirib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar "Ən yaxşı təqdimat" müsabiqəsində məktəbimizin şagirdi Arzu Salmanova Azərbaycan Respublikası Təhsil naziri tərəfindən 2-ci dərəcəli diplomla təltif olunub.
Məktəbin direktoru Könül Məmmədlinin "Mənim peşəm" layihəsi "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi"ndə ümumi təhsil kateqoriyası üzrə qalib olub. Qeyd edək ki, bu, məktəbimizin qrant layihələrdə ilk iştirakı və qələbəsidir.
Proqramlaşdırma və riyaziyyat üzrə "Şaxta babanı upgrade et" adlı beynəlxalq onlayn-kvestdə məktəbimizin bir neçə komandası iştirak edib, 6c sinfinin "Qartallar 234" komandası isə maksimum xal-660 xal toplayaraq həm ölkə üzrə, həm də dünya üzrə birincilik qazanan komandalar siyahısında yer alıb.
"Rəqəmsal bacarıqlar" layihəsi üzrə aparılan qiymətləndirmədə məktəbimizin müəllimləri ən yüksək nəticə göstəriblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan " Oxu və əylən" müsabiqəsində məktəbimizin şagirdi Asya Adilova 2-ci yerə, "Sevimli nəğmələr" müsabiqəsində Nəsrin Şəfiyeva həvəsləndirici yerə layiq görülüb. "Qarabağ Azərbaycandır!" adlı intellektual müsabiqədə Elina Vəliyeva rayon mərhələsinin qalibi olub.
Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən "Xocalı faciəsinin qurbanlarını unutmuruq" adlı inşa müsabiqəsində Ləman Şamıyeva Xəzər rayonu üzrə birinci yerə layiq görülüb.
Şagirdlərimiz il ərzində müxtəlif intellektual yarışmalarda iştirak ediblər. Məktəblilərarası Fibonacci yarışmasında məktəbimizin "234's Qauss" komandası finala qalib komanda kimi vəsiqə qazanan ilk 8 komandadan biri olub, finalda 15-ci yer qazanıb. Peşə təmayüllü siniflərin şagirdləri arasında keçirilən "Qəhrəmanını tanı" intellektual yarışmasında məktəbimizin "Qarabağ- 234" komandası birinci yeri qazanıb.
İlin son və böyük qələbəsi isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi 6-9-cu sinif şagirdləri arasında "Nə? Harada? Nə zaman?" intellektual yarışmasının respublika çempionatında məktəbimizin "İstiqlal-234" komandasının 1-ci yeri qazanaraq respublika çempionu olmasıdır.
Qazanılan nailiyyətlərdə əməyi olan bütün müəllim və şagirdləri bir daha təbrik edirik. Növbəti ildə də uğurlarımızın davam edəcəyinə inanırıq.