Azərbaycanı qalib dövlətə çevirən amillərdən biri – doğru seçilmiş neft strategiyası

Dünyanın ən qədim neft ölkələrindən olan Azərbaycanın neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçib. Bu gün  Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu “Azərbaycanın neft strategiyası” “Yeni neft strategiyası”nın başlanğıcı kimi qəbul edilir. Sözügedən strategiya Azərbaycanın bu gününü yaratdı, gələcəyini müəyyən etdi. Paytaxt Bakının, ölkənin regionlarının bütünlükdə Azərbaycanın gözəlləşməsini təmin etdi, həm müasirlərimiz, həm də gələcək nəsillər üçün Neft fondu formalaşdı.

Dünya təcrübəsi göstərir ki, neft və qazla zəngin ölkələrin heç də hamısı bu ehtiyatları səmərəli istifadəyə və inkişafa yönəltmək iqtidarında deyil. Prezidentimiz İlham Əliyev tərəfindən ölkəmizdə bu sahədə həyata keçirilən siyasət isə Azərbaycanı enerji resurslarının reallaşması nəticəsində əldə olunan gəlirlərin sayəsində nəinki birincilər sırasına çıxardı, hətta daha böyük zirvələrə doğru - dünya arenasında imzası və sözünün hökmü olan dövlətə çevirdi, ən əsası isə geopolitik çalxalanma dövründə yalnız özünə arxalanan, öz gücü ilə torpaqlarını 30 illik işğaldan azad edən qalib dövlətə çevirdi.

Düzgün seçilmiş və özünəməxsus siyasi xətlə davam etdirilən neft strategiyasının nəticəsidir ki, ölkəmiz  sosial-iqtisadi inkişaf baxımından yüksələn dinamik xarakterə malikdir. Azərbaycan müasir tələblərə cavab verən modern sistem yaradıb, suverenliyini bərpa edib, yeni infrakstruktur formalaşdırır, iqtisadi valyuta həcmini ildən-ilə artırır və bu sahədə nailiyyətləri yüksəlməkdədir. Bütün bunlar həm də enerji ehtiyatlarının insan resursuna çevrilməsinin bariz sübutudur. Neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə olunan mənfəət, neftin satışından daxil olan vəsaitlərdən həm də Azərbaycanın gələcəyi üçün milli kadrların yetişdirilməsi prosesini də diqqətdən qaçırmaq olmaz. Neft hasilatından əldə ounan gəlirlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi prizmasından Dövlət Neft Fondunun böyük rolu var. Fondun yaradılması dövlətin neft-qaz ehtiyatlarının işlənməsindən əldə olunan gəlirlərin istifadəsində israfçılığın, baş verə biləcək hər hansı yeyintilərin qarşısının alınması və şəffaflığın təmin olunmasına xidmət edir.

Yarandığı gündən  Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Dövlət Neft Fondundan ilk ayrılmış vəsait ən ağır sosial vəziyyətdə olan soydaşlarımıza, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönləndirilmişdi. Bu proses və sosial layihələr sonrakı illərdə cənab prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilmiş, vətəndaşlarımızın sosial rifahının yüksədilməsinə bu gün də xidmət edir. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda misli-bərabəri olmayan quruculuq işləri aparılır, Qarabağ, Şərqi Zəngəzur bütün dünyanın gözü qarşısında yenidən qurulur.

Azərbaycanın iqtisadi potensialının ən vacib komponenti olan neft amilinin düzgün idarə edilməsi 44 günlük Vətən müharibəsində özünü daha çox göstərdi. Azərbaycanın dünyanın hərbi baxımdan ən güclü dövlətlər sırasına çıxmasında məhz bu siyasətin düzgün qurulması həlledici rol oynadı. Ümummilli Lider Heydər Əliyev tərəfindən iqtisadi prioritetlərin düzgün müəyyən edilməsi və cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi nəticəsində güclü iqtisadiyyatımız bizə müdafiə sənayemizin inkişaf edirilməsinə şərait yaratdı, güclü Azərbaycan Ordusu formalaşdı. Bu ordu 30 ilə yaxın işğalda olan torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad etdi. Ölkəmizin iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun, xalqımızın firavan həyatının qarantına çevrilmiş uzunmüddətli enerji strategiyası bu gün də Azərbaycanın dinamik inkişafı ilə paralel irəliləyərək, bir-birindən parlaq zəfərlərə yol açır, neft-qaz sənayemizi daha yüksək zirvələrə aparır.

Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə çevirir

Artıq sirr deyil ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi layihələrinin aparıcı tərəfdaşına çevrilib. Bu məsələdə xüsusi marağı olan böyük güclər Azərbaycanla əməkdaşlığa ciddi önəm verməkdədir. Xüsusilə Cənub Qaz Dəhlizinin istismara verilməsi bu əməkdaşlığı daha da möhkəmləndirib. Azərbaycanın verdiyi vədləri yerinə yetirməsi, tərəfdaş dövlətlər, habelə dünyanın aparıcı öllkələri ilə balanslı diplomatiyası və sülhə, sabitliyə çalışması bir iqtisadi partnyor kimi ölkəmizi əvəzedilməz müttəfiqə çevirib. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi siyasət bir çox ölkələr üçün nümunədir və məhz dövlətimizin təkrarı olmayan enerji diplomatiyasından hətta ən güclü dövlətlər belə nəsə öyrənməyə çalışır. Neft meqalayihələri ilə yanaşı, qaz,  yaşıl hidrogeni əhatə edən layihələrdə ilk olaraq Azərbaycanın adı hallanır. Bütün bunlardan əlavə, Azərbaycan regionda həm də bir ötürücü funksiyası yaratmaqla,  tamamilə yeni reallıqlar yaratmaqdadır. Beləliklə dünya düzəni dəyişir, Avropanın enerji xəritəsi yenidən çəkilir və bu xəritədə Azərbaycanı ən mühüm, aparıcı fiqur kimi görmək tariximizin daha şanlı bir səhifəsinin açılmasına şahidlik etmək, hər bir azərbaycanlı üçün qürurvericidir. 

 

229 nömrəli tam orta məktəbin direktoru Vüsalə Məmmədova

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi