“31 mart – Azərbaycanlıların soyqırımı günüdür”
Azərbaycan xalqına qarşı törədilmiş 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir. Bakı Soveti və daşnak erməni silahlı dəstələri 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırım törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
31 Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.
1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
Martın 29-da məktəbimizdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəbləri üçün nəzərdə tutulmuş Fəaliyyət Planının 1.3.16 bəndinə uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgiləri artırmaq, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırmaq məqsədilə 31 Mart soyqırımına həsr olunmuş rəsm müsabiqəsi keçirildi. Şagirdlər həmin gün baş vermiş hadisələri öz rəsm albomlarında təxəyyüllərinə uyğun əks etdiriblər.
Rəsm müsabiqəsi UBTR Xalidə İbrahimova və məktəbin psixoloqu Mehriban Quliyeva tərəfindən həyata keçirildi.