“Azərbaycan dili milli varlığımızdır”
Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.02.2019 – cu il tarixli F - 75 nömrəli əmrinə əsasən “Azərbaycan dili milli varlığımızdır” müsabiqəsinin keçirilməsi ilə bağlı məktəbimizdə VI – XI sinif şagirdlərinin iştirakı ilə tədbirlərin həyata keçirilməsi davam edir. 19 fevral tarixində şagirdlər Azərbaycan və dünya ədəbiyyatından şeirlər səsləndirdilər. 20 nəfər şagird arasından Məmmədova Aişə (6b), Qələmli İlahə( 6b), Suvarlı Aydan (7a) müsabiqənin qalibi seçildilər. Münsiflər heyəti kimi Azərbaycan dili müəllimi Nəzakət Ağayeva, Sevda Əliyeva və Səadət Cavadova iştirak etdilər.
Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan dilinin tarixi barədə məktəblilərin biliklərini təkmilləşdirmək, onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir.
Müsabiqənin VI-XI sinif şagirdləri arasında fevral-mart aylarında üç mərhələdə keçirilməsi nəzərdə tutulur.
“Azərbaycan dili milli varlığımızdır” mövzusunda şeir müsabiqəsinin I mərhələsi fevralın 5-dən 22-dək ümumi təhsil müəssisələrində təşkil olunacaq. Bu mərhələ üzrə yalnız I yerin qalibləri rayon mərhələsində iştirak etmək hüququ qazanacaq.
Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin tədbirlər planının icrasını təmin etmək məqsədilə həyata keçirilir.