"Valideynin məktəbdə bir günü"
Elan olunduğu üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28.01.2019-cu il tarixli F-66 №-li əmrinə əsasən 15.02.2019-cu il tarixində məktəbimizdə “Valideynin məktəbdə bir günü” adlı layihəsi həyata keçirildi. Layihənin keçirildiyi müddətdə valideynlər ilk növbədə məktəbimizin AKT zalında tədbirin rəsmi açılışını dinlədilər. Açılışda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zeynəb Vəliyeva, məktəbin təşkilatçısı Cəmilə Nuqrəzadə və məktəb psixoloqu Mehriban Quliyeva çıxış edərək valideynlərə şagirdlər haqqında ətraflı məlumatlar verdilər və eyni zamanda şagirdlərlə bağlı məktəb rəhbərliyinin irad və tövsiyyələrini valideynlərə bildirdilər. Açılış sat 10:00-10:30 aralığında keçirildi və daha sonra saat 10:30-11:15 aralığında valideynlər məktəbimiz ilə əyani tanış oldular. Onlar məktəbin yeməkxanası, kitabxanası, əmək kabineti və s. həmçinin sinif otaqları ilə tanış oldular. Daha sonra saat 11:15-12:00 aralığında isə valideynlər övladlarının oxuduğu siniflərə daxil olaraq dərsləri dinlədilər və tədrisin gedişatını əyani olaraq müşahidə etdilər. Layihənin sonu saat 13:00-14:00 aralığında keçirilən bədii hissə ilə yekunlaşdırıldı. Bədii hissədə şagirdlər bir-birindən maraqlı rəqslər və səhnəciklər nümayiş etdirdilər. Tədbir valideynlərin böyük marağına səbəb oldu.
Layihənin keçirilməsində məqsəd valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılmasıdır.
Sonda layihənin ərsəyə gəlməsində əməyi keçən məktəbimizin kollektivinə, şagirdlərimizə, valideynlərimizə və eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin layihənin təşkilində əməyi keçən əməkdaşlarına səmimi təşəkkürlərimizi bildiririk!