Rais Rəsulzadənin iştirakı ilə keçirilən "AXC 100 illik tarixinin davamı" adlı tədbir
Dekabrın 7-də məktəbimizin tarix müəllimi Vüsalə Əliyevanın təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş "AXC 100 illik tarixinin davamı" adlı tədbir keçirildi. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rais Rəsulzadə və AXC tarixinin tədqiqatçısı Nəcibə Bağırzadə tədbirimizin fəxri qonağı oldular. Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə başlayıb. Tədbirin əvvəlində məktəbin direktoru Rəşad Alcanov qonaqları salamlayaraq, AXC-nin 100 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında " 2017-ci il 16 may tarixli 2867 nömrəli sərəncamı haqqında çıxış edib. Daha sonra Rais Rəsulzadə və Nəcibə Bağırzadə Azərbaycan Xalq Cümhuriyyətinin o dövrdə öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirməsindən bəhs etdilər. Tədbirdə Qarabağ şəhidləri bir dəqiqəlik sükutla yad edildi. Məktəbimizin şagirdləri vətən, cümhuriyyət, AXC-nin mənəvi varisi müasir Azərbaycanın qurucusu Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin Azərbaycan xalqına xidmətlərindən, dövlət siyasətindən bəhs edən şeirlər söylədilər, vətənpərvər ruhda mahnılar ifa etdilər. Həmçinin şagirdlərə tarixi faktlarla bağlı video çarxlar nümayiş etdirildi. Tədbirin sonunda qonaqlara xatirə hədiyyəsi təqdim edildi və xatirə şəkillər çəkdirildi.
Məktəbin illik fəaliyyət planın 1.1.1.8 bəndinə uyğun olaraq şagirdlərdə fənnə olan marağı artırmaq, bilik və bacarıqlarını formalaşdırmaq məqsədilə fənnlər aylığı keçirilməkdə davam edir. Dekabr ayı məktəbimizdə "Tarix aylığı" elan olunmuşdur. Tarix aylığı çərçivəsində seminarlar, dəyirmi masalar, açıq dərslər, viktorinaların keçirilməsi nəzərdə tutulub.