“Ədəbiyyat biliciləri” müsabiqəsi
Təhsil Nazirinin 16.11.2018-ci il tarixli F-765 nömrəli əmrinə əsasən 6 dekabr tarixində məktəbimizdə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirildi. Müsabiqənin məktəb turu mərhələsində iştirak edən VII –XI sinif şagirdlərinə anket sorğu paylanıldı. Müsabiqəyə başlamadan öncə məktəbin Azərbaycan dili və ədəbiyyat metodbirləşmə rəhbəri Nəzakət Ağayeva çıxış edərək şagirdlərə bədii əsərlərin və mütaliənin cəmiyyətdə, insan həyatında rolu və əhəmiyyəti haqqında fikirlər səsləndirdi. Daha sonra şagirdlər oxuduqları əsərin müəllifinin yaşadığı dövr, ədəbiyyatda mövqeyi, toxunduğu mövzular, oxuduqları əsərin mövzusu və ideyası, əsərin bu günümüzdəki aktuallığı və əhəmiyyəti haqqında şəxsi fikirlərini yazdılar.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə bədii qiraətə marağı artırmaq, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirmək və onlarda mütaliə mədəniyyətini formalaşdırılmaqdır. Müsabiqədə Azərbaycan dili və ədəbiyyat müəllimi Ləman Mehdiyeva da iştirak edirdi.