Qaradağ və Yasamal rayonları üzrə “Məktəb seminarları”

“Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına həsr olunmuş “Məktəb seminarları”nın növbəti sessiyaları Qaradağ və Yasamal rayonlarının ümumi təhsil müəssisələrini əhatə edib.

Sessiyalarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri və məktəb saytlarını idarə edən şəxslər  iştirak ediblər.

Məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, səmərəli idarəetmənin rolunun artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, yeni layihələrin icrası, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi məsələlərinə toxunub.

Sessiyada BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, Anar Qədiməliyev, Bəşarət Məmmədov, TDM-in direktoru Samirə Bektaşi və digər şəxslər rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri, tədrisin təşkili, I sinfə qəbul, məktəbəhazırlıq qruplarının təşkili, istedadlı şagirdlərlə iş, karyera inkişafı, keyfiyyətə nəzarət, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda çıxış ediblər.

Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində “Təhsil haqqında Qanun”a edilən dəyişikliklər, ümumi təhsil müəssisələrində  təlim-tərbiyə prosesinin təşkili, məktəbdaxili metodiki işə nəzarət, məktəbdənkənar təhsilin ehtiyaclar əsasında düzgün qurulması, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, şagirdlərlə psixoloji xidmətin düzgün təşkili və idrak proseslərinin korreksiyası, şagirdlərin internetdən təhlükəsiz istifadəsi məsələləri müzakirə olunub. 

Həmçinin, “Məktəb seminarları” layihəsi çərçivəsində İdarənin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşları tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı təlimlər də keçirilib.

Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, paytaxtın 12 inzibati rayonunun hər birini əhatə edən sessiyaların keçirilməsinin əsas məqsədi “Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına dair il ərzində görülən işləri ümumiləşdirmək və nəticələrini müzakirə etmək, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi