Müasir məktəb modeli yeni idarəetmə üsulu

Müasir məktəb modeli yeni idarəetmə üsuluna əsaslanır

 

Yeni məktəb modeli formalaşır. Bu məktəb modeli bizdən informasiyalaşmanın getdikcə artdığı cəmiyyətin sifarişinə uyğun hərtərəfli şəxsiyyət yetişdirməyi tələb edir.

 

Müasir dövrdə insanlar daha çevik və inklüziv təhsil proqramı tələb edir. Bu gün məktəbin vəzifələri dəyişib. Artıq biz cəmiyyətin sifariş etdiyi şagirdi hazırlayırıq.

 

 Həmin şəxsiyyət gələcəyi bütün incəlikləri ilə qavraya bilən, hadisələrə obyektiv, tənqidi yanaşan, müstəqil qərarlar verən, daim dəyişən mühitdə yeni əlaqələr quracaq bilik və bacarıqlara sahib olmalıdır. 

 

Təcrübə göstərir ki, informasiyalaşan cəmiyyətdə daim islahatlar aparılmalıdır. Bu islahatlar çərçivəsində biliklərin vərdişlərə çevrilməsi üçün təkmilləşmənin tətbiqi və dəyişikliklərin həyata keçirilməsi vacibdir. 

 

Yeni fürsətləri dəyərləndirməli, yeniliyin asanlaşdırılmasına yönəldilmiş informasiyanı səmərəli idarə etməyə çalışmalıyıq. “Nəyi necə daha yaxşı idarə edə bilərəm” deyə düşünmək faydalı olacaqdır. 

 

Uğurlu məktəb modelini tətbiq etmək üçün, ilk növbədə, normal mühit yaratmalıyıq, müəllimlərin alternativ qərarlarını dinləmək, şagirdlərin uğurlarını ön plana çəkmək vacibdir.

 

Yeni məktəb modelinin tərəflərindən biri də qrup şəklində işləməkdir. 

 

Məktəbin inkişaf planına uyğun məqsəd və vəzifələrinə nail olmaq üçün planlaşdırma və məqsədyönlü fəaliyyət prioritetləri müəyyənləşdirmək məqsədilə bütün müəllimlərin səylərini birləşdirilməlidir. İşə bağlılıq yaradan amillərdən biri kimi məsuliyyəti müəllim və şagirdlə bölüşdürülməsi məqsədəuyğundur. Bununla da, yeni məktəb modelinin tərkib hissəsi olan bölüşdürülmüş idarəetməni tətbiq etmiş oluruq. 

 

Hamını ümumi bir məqsəd uğrunda birləşdirərək həvəsləndirməyə çalışılmaq tövsiyə olunur.

 

  Məktəbdə etibarlı, səriştəli və təşəbbüskar kollektivin yaranması üçün kollegial idarəetmə tətbiq olunmalıdır. Məhz bu səbəbdən, məktəbdaxili pozitiv münasibətlər formalaşdırmaq üçün bütün təhsil iştirakçılarını stimullaşdırmaq vacibdir.

 

 Məktəbin təkmilləşməsi üçün müəllimlərin peşəkar inkişafı və keyfiyyətli təlim-tədris prosesi təmin olunmalıdır. Bu amilə əsaslanaraq müəllimlərimiz həm də texnoloji biliklərini inkişaf etdirirlər. Hərtərəfli düşüncəyə malik insanlar yetişdirməkdən ötrü müəllimlərimiz daim şagirdlərə öyrənməyi öyrədirlər.

 

Uğurlu məktəb modelini şərtləndirən amillərdən biri də təhsil müəssisəsində işin səmimiyyət üzərində qurulmasıdır. Daxili mədəniyyət prinsipini inkişaf etdirmək üçün mütəmadi olaraq etik davranış qaydalarını təbliğ etmək şərtdir. 

 

 Məktəbdənkənar tədbirlər də bütün təhsil iştirakçılarının mədəni inkişafına təkan verir. Tədbirləri məktəblilərin yaş qrupları üzrə təşkil etsək, tədris prosesi pozulmur, hər mövzuya uyğun anlama qabiliyyəti təmin olunur. 

 

Məktəbdaxili ictimai nəzarət dəstələrinin yaradılması da nizam-intizama və mədəniyyətin təkmilləşməsinə effektiv təsir göstərir. Bu zaman həm də şagirdlər özlərini səlahiyyətli hiss edirlər. 

 

Məktəblilər həm də nəzarətsiz etik davranış qaydalarını öyrənməlidirlər. Şagirdlər müəllimin nəzarəti olmadan sakitlik və dinləmə mədəniyyəti nümayiş etdirməlirlər.

 

Məktəbdə dəqiq müşahidə aparmaq təhsil müəssisəsinin fəaliyyətində çatışmazlıqları müəyyənləşdirərək onları aradan qaldırmaq olar.

 

İnformasiya dövründə məktəb ictimaiyyətə daim açıq olmalıdır.

 

Dünya çox sürətlə dəyişsə də, mütaliə inkişaf üçün ən klassik və səmərəli vərdiş olaraq qalır. Dünyanın mütərəqqi təhsil sistemlərinin məzmununa nəzər yetirəndə görürük ki, onların tam əksəriyyəti sərbəst mühakimə yürütmək, yeni fikir irəli sürmək, hadisələri önləmək, arzulanan gələcəyi görə bilmək, proqnozlaşdırmaq kimi qabiliyyətləri formalaşdırmaq və inkişaf etdirmək üzərində qurulub. Bu işin mərkəzində də elmi və bədii mütaliə dayanır. Çünki mütaliə xəyal gücü və düşüncəni formalaşdıran, onu inkişaf etdirən ən başlıca vasitədir. Bu məqsədlə məktəblərdə sistemli olaraq tədbirlər keçirilməsi, müxtəlif əsərlərin mütaliəsinin təşkili şagirdlərimizin inkişafına təkan verir.

 

Unutmayaq ki, bizim müəllimliyimiz təhsil almağa ehtiyacı olan şagirdlərin varlığına bağlıdır. 

 

 Şagird məktəbdə özünü xoşbəxt hiss etməlidir. Əsl müəllim bütün şagirdləri öz doğma övladı bilməli, onların acısını, sevincini bölüşməli, üzlərinə gülməli, bir bənd şeir söyləmək üçün çəkdiyi zəhməti ürəkdən alqışlamağı bacarmalıdır.

 

  Məktəbi dəyişməklə cəmiyyətə təsir göstərə bilərik. Hər bir inzibati ərazidə yerləşən məktəbin öz tələbləri var. Əgər hər hansı bir ərazidə istənilən radikal qüvvə, narkomaniya və s gənc nəsli öz tərəfinə çəkirsə, deməli, orada məktəbin fəaliyyəti düzgün qaydada aparılmır.

 

Arzulardan ruhlanmalı, amma reallıq hissi ilə qərar verməliyik.Tənqidlərdən nəticə çıxarıb zəif göstəricilərin səbəblərini müəyyənləşdirərək inkişaf etməyi, irəli getməyi bacarmalıyıq. Real vəziyyət üzə çıxarılmadan inkişafa nail ola bilmərik.

 

Pedaqoji prosesi izləməli, müvəffəqiyyət göstəricilərini müşahidə etməli, sistemli tədbirlər görməli, yanaşma, strategiya və qərarların səmərəliliyini müəyyənləşdirməli, bununla da, dövlətin təhsil siyasətini gerçəkləşdirməyə nail olmalıyıq.

 

Səkinə Rzayeva

Bakı şəhəri 228 nömrəli tam orta məktəbin direktoru

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi