Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əhməd Cavadın 130 illik yubileyinə həsr edilmiş ədəbi bədii kompozisiya
21.12.2022-ci il tarixdə məktəbimizdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 10.10.2022-ci il tarixli F-316 nömrəli əmrinə əsasən, poeziya yaddaşı olan görkəmli şair Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbiri Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Cavadova müxtəlif sinif şagirdlərinin iştirakı ilə təşkil etmişdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Müəllim şair haqqında maraqlı məlumatları şagirdlərin diqqətinə çatdırdı. Şagirdlər şairin həyat və yaradıcılığından danışdılar, videoçarx izlədilər, şeirlər söylədilər, şairin sözlərinə bəstələnmiş musiqilər, səhnəciklər ifa etdilər. Məktəbin məzunu musiqiçi Rəşid Cavadlı da tədbirə öz musiqi töhfəsini verdi. Sonda məktəbin direktoru Sakina Rzayeva çıxış etdi:
- 2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olur.
Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir.