Şagirdlər Teymur Rəsulovun Şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər
Teymur Rəsulov 1988-ci il martın 23-də Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Teymur Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Rəsulov oktyabrın 21-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Rəsulov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Teymur Rəsulov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Neft və Sənaye Universitetində bir seminar auditoriyası, Sahil qəsəbəsində yerləşən 228, 253 və 319 saylı orta məktəblərdə, Biləcəri qəsəbəsində yerləşən 297 saylı bir sinif otağı şəhid Teymur Rəsulovun adını daşıyır.
2022-ci ilin iyun ayında valideynlərinin şəxsi təşəbbüsü və vəsaiti hesabına şəhid Teymur Rəsulovun "Qürub vaxtı" kitabı nəşr edilmiş, kitab iki hissədən ibarətdir. 1-ci hissədə Teymurun esse və məqalələri, ikinci hissədə isə Teymurlu xatirələri yer alır.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
- (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
Səndən olsa
Həyat –insanın, öz niyyətini başqalarında görə bilmək arzusudur.
Ömür –zamanın sayıb-sayıb, sona yetmək arzusudur.
İnsan- Yaradanın mükəmməl olanı yarada bilmək arzusudur.
Sən isə sevgimin daim var ola bilmək arzususan, sevgilim.
Səndən olsa,
Ən uzaq səfərə çıxan,
Sarvanı olmayan ümidsiz karvanla məni yolçu edərsən.
Çünki bilirsən, sevənlər ən keçilməz yollardan geri gələnlərdir.
Səndən olsa,
Uşaq ikən masa altında saçlarını bəzədiyin
O yazıq gəlinciyinə “mən” deyərsən.
Çünki bilirsən, ən sevimli gəlinciklər,
Qızların hər nazına dinməz-söyləməz dözən,
Sədaqət göstərənlərdir.
Səndən olsa,
Məni dünyada yox,
Buludların üzərində əsir edərsən.
Çünki bilirsən, ən saf damlalar
Buludlarda əsir qalıb, süzülüb yerə gələnlərdir.
Səndən olsa,
Xoşbəxtliyin
Əlləri anasıyla atasının əllərində olan,
Parkda gəzən o körpənin
O əllərdən asılaraq, havada uçmaq istəyi olduğuna
Məni inandırarsan.
Çünki hiss edirsən,
O xoşbəxtliyi yaşamayanlar
Bir ömür xoşbəxtliklərini yetim hiss edirlər.
Səndən olsa,
Məni inandırarsan ki,
Xoşbəxtlik ata - ananın əllərindən tutub,
uça bilmək arzusudur.
Çünki anlayırsan, bu azadlığı yaşamayanlar
Sevginin saflığından kasad olurlar.
Səndən olsa,
Əsl yalnızlığın,
qayğısızlıq olduğunu yaşamağımı istəyərsən
Çünki bilirsən, qayğısız yaşayanların könlünü sevdikləri qırır.
Səndən olsa,
“Mən Günəş olum,
Sən isə həsrətimlə yaşaya-yaşaya,
Məndən həyat alan Ay ol” deyərsən.
Çünki bilirsən, Ay ilə Günəşin məhəbbətini
Bir az hicran, bir az sonsuzluq, bir az da yalnızlıq sındırır.
Səndən olsa,
“Ümidsiz, qayğısız, qırılmış sevgi olaq”, - deyərsən.
Çünki bilirsən, unudulmaz sevgilər,
Yalnızlığa, sonsuzluğa, mümkünsüzlüyə düçardır.
Məndən olsa,
Səni heç sevməzdim.
Amma nə oldusa, səndən oldu, sevgilim.
Səndən oldu, sevgilim.
Səni zamanla bağışlayacam...